Belarus millisinin sabiq futbolçusu axtarışa verilib

Belarus Daxili İşlər Nazirliyi milli komandanın sabiq futbolçusu Nikolay Zolotovu cinayət işi çərçivəsində axtarışa verib. Futbolçunun adı iyulun 7-dən axtarış bazasındadır.

47

Belarus Daxili İşlər Nazirliyi ölkənin futbol üzrə milli komandasının sabiq müdafiəçisi Nikolay Zolotovu axtarışa verib.

MSNews.az xəbər verir ki, “Настоящее Время”“Naşa Niva” Belarus mediasına istinadən bildirir ki, 31 yaşlı futbolçunun adı 7 iyul 2026-cı ildə axtarış bazasına əlavə edilib. Onun Vitebsk vilayətində cinayət işi çərçivəsində axtarıldığı qeyd olunur. Lakin işin hansı maddə üzrə açıldığı və Zolotova konkret hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb.

Zolotov 2019–2021-ci illərdə Belarus millisində 14 oyun keçirib. Hazırda Moldovanın “Zimbru” klubunda çıxış edən müdafiəçi Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başladığı dövrdə Ukraynanın “Kolos” klubunun futbolçusu idi.

2022-ci ilin martında Zolotov Rusiyanın hərbi müdaxiləsini açıq şəkildə pisləmiş və Ukraynaya dəstək çağırışı etmişdi. O, həmin vaxt “Tribuna” tərəfindən yayımlanan paylaşımında Vladimir Putinin insanları “öz ambisiyaları və xəstə fantaziyaları uğrunda ölməyə” göndərdiyini bildirmişdi.

Belarus mediası futbolçunun daha əvvəl hakimiyyəti tənqid etməsi və Ukraynadakı müharibəyə qarşı mövqeyinə görə ölkənin idman rəhbərliyinin qeyri-rəsmi “qara siyahı”sına salındığını yazır.

Maraqlıdır ki, futbolçu 2025-ci ildə əvvəlki bəyanatlarının bir hissəsinə görə “səmimi şəkildə peşman olduğunu” bildirmiş və yenidən Belarus millisində oynamaq istədiyini açıqlamışdı.