Tarixin ən böyük mundialı bu gün start götürür

Futbol üzrə 23-cü dünya çempionatı bu gün Meksika–CAR oyunu ilə start götürür. İlk dəfə 48 komandanın qatıldığı mundial ABŞ, Meksika və Kanadada keçiriləcək.

14

Futbol üzrə 23-cü dünya çempionatı bu gün Meksika və Cənubi Afrika Respublikası arasında keçiriləcək açılış oyunu ilə start götürür.

MSNews.az xəbər verir ki, 2026-cı il Dünya Kuboku mundial tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnir həm də ilk dəfə üç ölkədə — ABŞ, Meksika və Kanadada təşkil olunur.

FIFA-nın oyun təqviminə görə, mundialda ümumilikdə 104 qarşılaşma baş tutacaq. Matçlar 16 fərqli şəhərdə keçiriləcək. Komandalar 12 qrupa bölünüb və hər qrupda 4 yığma mübarizə aparacaq.

Format üzrə qruplarda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 final mərhələsinə vəsiqə qazanacaq. Bu barədə FIFA final püşkatmasından sonra açıqladığı qaydalarda məlumat verib.

Açılış oyunu “A” qrupunda Meksika və CAR arasında keçiriləcək. “Reuters” yazır ki, Cənubi Afrika millisinin baş məşqçisi Huqo Broos Meksikanın güclü komanda olduğunu və ev sahibi üstünlüyünə malik olacağını bildirib. O, komandasının Mexikonun hündürlük şəraitinə uyğunlaşmaq üçün şəhərə erkən gəldiyini qeyd edib.

Matç Bakı vaxtı ilə saat 23:00-da Mexikodakı “Estadio Azteca”da keçiriləcək. Qarşılaşmanı braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona həmyerliləri Bruno Pires və Bruno Boskiliya kömək edəcəklər.

DÇ-2026-nın final oyunu isə iyulun 19-da ABŞ-da, Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən “MetLife Stadium”da keçiriləcək. FIFA həmin stadionun turnirin həlledici qarşılaşmasına ev sahibliyi edəcəyini rəsmi şəkildə təsdiqləyib.