“Taliban” azyaşlıların nikahı ilə bağlı yeni qayda yayımladı

Əfqanıstanda “Taliban” administrasiyası bəzi hallarda yetkinlik yaşına çatmayan şəxslərin nikahını hüquqi baxımdan etibarlı sayan yeni ailə hüququ qaydası yayımlayıb.

Əfqanıstanda “Taliban” administrasiyası ailə hüququna dair yeni sənəd yayımlayıb. Sənəddə bəzi hallarda yetkinlik yaşına çatmayan şəxslərin iştirakı ilə bağlanan nikahların hüquqi baxımdan etibarlı hesab oluna biləcəyi qeyd edilir.

Bu barədə Əfqanıstanın Amu TV media qurumu məlumat yayıb.

Məlumata görə, 31 maddədən ibarət sənəd “Ər-arvad arasında ayrılıq prinsipləri” adlanır və “Taliban” lideri Hibatullah Axundzadə tərəfindən təsdiqləndikdən sonra rəsmi qəzetdə dərc olunub. Qayda nikahın pozulması, ailə mübahisələri, qəyyumluq və dini məhkəmələrin səlahiyyətləri ilə bağlı müddəaları əhatə edir.

Sənəddə “khiyar al-bulugh”, yəni “yetkinlik yaşına çatdıqdan sonra seçim hüququ” anlayışına da yer verilib. Buna əsasən, azyaşlı şəxs uşaq yaşlarında nikaha daxil edilibsə, yetkinlik yaşına çatdıqdan sonra nikahın ləğvi üçün müraciət edə bilər. Lakin belə ləğv yalnız məhkəmə qərarı ilə mümkün olacaq.

Qaydanın ən çox müzakirə olunan müddəalarından biri isə yetkinlik yaşına çatmış bakirə qızın susmasının nikaha razılıq kimi şərh edilə bilməsi ilə bağlıdır. Amu TV-nin məlumatına görə, eyni yanaşma oğlanların və əvvəllər evli olmuş qadınların susmasına avtomatik olaraq tətbiq edilmir.

Yeni sənəd hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub. Amu TV yazır ki, 100-dən çox hüquq müdafiə təşkilatı qaydanın dərhal və tam şəkildə ləğvini tələb edib. Onların fikrincə, bu sənəd uşaq nikahlarını və məcburi nikahları legitimləşdirir, qadın və uşaqların fundamental hüquqlarını məhdudlaşdırır.

Hüquq müdafiəçiləri xüsusilə qızların susmasının razılıq kimi qəbul edilməsini tənqid edərək bildiriblər ki, Əfqanıstanda sosial təzyiq və məcburiyyət şəraitində susqunluq real razılıq göstəricisi sayıla bilməz. Onlar BMT, UNICEF və Əfqanıstan üzrə xüsusi məruzəçi də daxil olmaqla beynəlxalq qurumları qadın və uşaqların müdafiəsi üçün təcili addımlar atmağa çağırıblar.

Qeyd edək ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra qadın və qızların təhsili, məşğulluğu, hərəkət azadlığı və ictimai həyatda iştirakı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edib. Bu siyasət beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə tənqid olunub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031