Suriya lideri əl-Şaraa: “Kürdlərin qorunması PKK ilə əlaqələndirilə bilməz”

Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədəki kürdlərin qorunmasının terror təşkilatı PKK ilə əlaqələndirilə bilməyəcəyini bildirib və bu məsələnin yeni Suriya ilə inteqrasiya yolu ilə həll olunmalı olduğunu vurğulayıb.

30

Suriya Prezidenti Əhməd əl-Şaraa ölkəsində yaşayan kürdlərin qorunmasının terror təşkilatı PKK ilə əlaqələndirilə bilməyəcəyini və kürdlərin təhlükəsizliyinin yeni Suriya reallığı ilə inteqrasiya yolu ilə təmin oluna biləcəyini bildirib.

Dəməşqdən yayılan məlumata görə, Suriya dövlət televiziyası “Əl-İxbariyə” İraqda yayımlanan Şəms TV kanalının efirə vermədiyi Şaraanın müsahibəsindən bəzi hissələri sosial şəbəkə platformalarında paylaşıb. Suriya İnformasiya Nazirliyi isə açıqlamasında həmin telekanalın Şaraanın müsahibəsini “siyasi səbəblərlə” yayımlamadığını, bu qərarın peşəkar jurnalistika baxımından əsaslandırılmadığını vurğulayıb və nazirliyin müsahibəni rəsmi platformalar vasitəsilə hüquqi çərçivədə yayımlamaq hüququnu özündə saxladığını bildirib.

Müsahibəsində Şaraa bütün Suriya xalqının keçmiş rejimin qurbanı olduğunu qeyd edərək, Əsəd rejiminin devrilməsinin Suriya kürdlərinin məruz qaldığı zülmə verilən ilk real cavab olduğunu deyib. O, kürdlərin cəsarətinə heyran olduğunu vurğulayaraq, Suriya ordusunun bir hissəsinin cəsur kürdlərdən ibarət olmasını arzuladığını bildirib və inqilab dövründə, nəzarətində olmayan ərazilərdə olsalar belə, Suriyanın şimal-qərbində kürdləri qorumaq üçün əlindən gələni etdiyini söyləyib.

Şaraa YPG/SDQ üzvlərinin əksəriyyətinin Kandilə və terror təşkilatı PKK-ya bağlı olduğunu, göstərişləri məhz, oradan aldıqlarını iddia edib və təşkilatın bir neçə rəhbər mərkəzə malik olduğuna diqqət çəkib. Onun sözlərinə görə, real qərarvermə gücü təşkilat daxilindəki hərbi və təhlükəsizlik strukturlarının əlində cəmlənib və bütün düşüncə məhz bu çərçivədə formalaşır. Şaraa sual edərək bildirib ki, Suriyadakı kürdlərin qorunması hərbi bir qurum vasitəsiləmi, yoxsa sərhədlərdən kənarda olan, Türkiyə ilə onilliklərdir problemi mövcud olan xarici bir təşkilatla mümkündürmü və Suriya bu problemin öz ərazisində həllinin ağır bədəlini ödəyə bilməz.

Kürdlərin qorunmasının yeni Suriya ilə inteqrasiyadan keçdiyini vurğulayan prezident deyib ki, Suriyadakı kürdlərin təhlükəsizliyi onları PKK kimi sərhədlərdən kənar problemlərlə, qonşu ölkələrə qarşı hücumlarla, uşaqların silahlandırılması və qadınlarla kişilərin məcburi hərbi xidmətə cəlb edilməsi ilə əlaqələndirməklə təmin oluna bilməz.

Onun sözlərinə görə, kürdləri qorumağın yolu Suriyadakı yeni reallıqla inteqrasiya olunmaqdır. Şaraa kürdləri parlamentdə, nazirliklərdə, təhlükəsizlik strukturlarında və dövlətin bütün pillələrində görmək istədiyini bildirərək qeyd edib ki, əgər Suriya dövləti kürdlərə qapılarını bağlasa və onların idarəetmədə iştirakını istəməsə, bu zaman başqa seçimlər axtarmaq hüquqları yarana bilər. Lakin onun fikrincə, silahlı bir təşkilatın Hələbdə əsasən kürdlərin yaşadığı məhəllələrin ortasında tunellər və xəndəklər qazması çıxış yolu deyil, çünki məqsəd Hələbin rifahı və inkişafıdır.