Süni intellektin səhvi ABŞ-ni Çinlə hərbi qarşıdurmanın astanasına gətirib

ABŞ ordusu süni intellektin yanlış kəşfiyyat məlumatı əsasında Çin gəmisinə qarşı əməliyyata hazırlaşıb. Nüvə silahı komponentləri ilə bağlı iddianın əsassız olduğu son anda müəyyənləşdirilib.

14

ABŞ ordusu süni intellektin köməyi ilə hazırlanmış yanlış kəşfiyyat hesabatı əsasında Çin gəmisinə qarşı hərbi əməliyyata başlamağa hazırlaşıb. Hesabatda gəminin nüvə silahı proqramı üçün komponentlər daşıdığı iddia edilsə də, əməliyyatdan qısa müddət əvvəl bu məlumatın həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.

MSNews.az xəbər verir ki, bu barədə “CNN”  hadisədən məlumatlı dörd mənbəyə istinadən araşdırma yayımlayıb.

Hadisə 2026-cı ilin yazında, ABŞ-nin İranla müharibəsi zamanı baş verib. Yaxın Şərqdə hərəkət edən Çin gəmisinin nüvə silahı proqramı ilə əlaqəli komponentlər daşıdığına dair kəşfiyyat hesabatı Amerika hərbi rəhbərliyində ciddi narahatlıq yaradıb.

Məlumata görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki gəminin yükü barədə açıq mənbələrdən və məxfi kəşfiyyat məlumatlarından istifadə edərək süni intellekt vasitəsilə hesabat hazırlayıb. Lakin sistem gəmidə daşınan materialları yanlış müəyyənləşdirib və onları nüvə silahı proqramına aid komponentlər kimi təqdim edib.

Hesabat əsasında ABŞ ordusu gəminin saxlanılması üçün əməliyyat hazırlığına başlayıb. Silahlı hərbçilər gəmiyə daxil olmağa hazırlaşarkən hərbi təyyarələr artıq havaya qaldırılıb.

Əməliyyatın başlanmasına az qalmış təcrübəli kəşfiyyat mütəxəssisləri hesabatın ilkin məlumatlarını yenidən yoxlayıblar. Araşdırma nəticəsində süni intellektin gəminin yükünü səhv müəyyənləşdirdiyi üzə çıxıb və planlaşdırılan əməliyyat dayandırılıb.

Mənbələrdən biri hadisənin ABŞ ilə Çin arasında müharibəyə səbəb ola biləcəyini bildirib. Bununla belə, iki ölkənin hərbi qüvvələri arasında birbaşa qarşıdurma baş verməyib.

Hadisə hərbi kəşfiyyatda süni intellektdən istifadənin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Xüsusilə, bu sistemlərin hazırladığı məlumatların müstəqil şəkildə yoxlanılmadan əməliyyat qərarlarının qəbulunda istifadə edilməsinin mümkün nəticələri müzakirə olunur.

CNN-in məlumatına görə, ABŞ ordusunda süni intellekt texnologiyalarından istifadə genişlənsə də, onların tətbiqi və insan nəzarətinin təmin olunması ilə bağlı vahid prosedurların olmaması hərbi və kəşfiyyat mütəxəssislərində narahatlıq yaradır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.