Şotland azarkeşlər İngiltərəyə qarşı Argentinanı seçdi

İngiltərə–Argentina dünya çempionatı yarımfinalı ərəfəsində Şotlandiya azarkeş səhifələri tarixi və futbol əlaqələrinə əsaslanan yumoristik “Argentina bələdçisi” yayıb.

18

MSNews.az xəbər verir ki, paylaşım “SPFL Fitba Fan” və digər Şotlandiya azarkeş səhifələrində “rəsmi bələdçi” adı ilə yayılıb. Lakin söhbət Şotlandiya Futbol Assosiasiyasının rəsmi sənədindən deyil, azarkeşlərin hazırladığı satirik məzmundan gedir. Bələdçidə Şotlandiya ilə Argentina arasındakı tarixi, mədəni və futbol əlaqələri ön plana çıxarılıb.

FIFA bildirir ki, İngiltərə və Argentina iyulun 15-də Atlantada dünya çempionatının yarımfinalında qarşılaşacaq. Bu, iki yığmanın dünya çempionatları tarixində ilk yarımfinal görüşü olacaq.

Bələdçinin ilk arqumentində təxminən 100 min argentinalının Şotlandiya mənşəli olduğu qeyd edilir. Şotlandiya hökumətinin 2024-cü ildə hazırladığı məlumat sənədində də Argentinada təxminən 100 min nəfərin Şotlandiya köklərinə sahib olduğu bildirilir. Bu, ingilisdilli ölkələrdən kənarda yaşayan ən böyük Şotlandiya diasporu hesab olunur.

Azarkeşlər Argentina futbolunun inkişafında şotlandiyalı müəllim Aleksandr Uotson Hattonun rolunu da xatırladıblar. Argentina Futbol Assosiasiyasının məlumatına görə, Uotson Hatton 21 fevral 1893-cü ildə hazırkı AFA-nın sələfi olan “The Argentine Association Football League” təşkilatının yaradılmasına rəhbərlik edib və Argentina futbolunun “atası” kimi tanınır. Futbol Argentinada bundan əvvəl də oynanılsa da, onun ölkədə təşkilatlanması və məktəblərdə yayılmasında Uotson Hatton əsas şəxslərdən biri olub.

Digər arqument 1978-ci ildə Argentinada keçirilən dünya çempionatı ilə bağlıdır. Şotlandiyalı Arçi Gemmill Niderlandla oyunda fərdi ustalığı ilə yadda qalan qol vurmuş, Şotlandiya qarşılaşmada 3:2 hesabı ilə qalib gəlmişdi. Şotlandiya Futbol Assosiasiyası həmin qolu ölkə futbol tarixinin ən yaddaqalan qollarından biri adlandırır.

Bələdçidə Dieqo Maradonanın Argentina millisində ilk qolunu Şotlandiyada vurması da xüsusi vurğulanıb. Maradona 18 yaşında, 2 iyun 1979-cu ildə Qlazqodakı “Hampden Park” stadionunda Şotlandiyanın qapısına qol vurub. Argentina həmin yoldaşlıq görüşündə 3:1 hesabı ilə qalib gəlib.

Şotland azarkeşlərin İngiltərə əleyhinə ən güclü arqumentlərindən biri isə 1986-cı il dünya çempionatıdır. Maradona həmin turnirin 1/4 finalında İngiltərəyə qarşı həm “Tanrının əli” adı ilə məşhurlaşan mübahisəli qolu, həm də futbol tarixinin ən yaxşı qollarından sayılan fərdi qolu vuraraq Argentinanı 2:1 hesablı qələbəyə daşımışdı. “Reuters” bu matçın İngiltərə–Argentina rəqabətinin əsas hadisələrindən biri olaraq qaldığını yazır.

Bələdçidə Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allisterin soyadı da Şotlandiya ilə əlaqə kimi təqdim olunub. Lakin bu hissə əsasən zarafat xarakteri daşıyır. Liverpul-un rəsmi saytı futbolçunun atasına istinadən ailənin yaxın əcdadlarının Şotlandiyadan deyil, İrlandiyadan Argentinaya köçdüyünü bildirir.

Azarkeşlər həmçinin Argentina və Şotlandiya bayraqlarının mavi-ağ rənglərdən ibarət olmasını iki ölkə arasındakı simvolik yaxınlığın son arqumenti kimi göstəriblər. Paylaşım sosial şəbəkələrdə argentinalı azarkeşlərin də diqqətini çəkərək qarşılıqlı zarafatlara və İngiltərə–Argentina matçı ilə bağlı çoxsaylı reaksiyalara səbəb olub.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.