Rusiyada stadionlara giriş qaydaları dəyişdirildi

 Rusiya hökuməti stadionlarda azarkeş davranışı qaydalarını yeniləyib. Elektrosamokat, dron və bəzi bannerlərə məhdudiyyət qoyulub, vuvuzelalara isə şərti icazə verilib.

12

Rusiya hökuməti rəsmi idman yarışlarında tamaşaçıların davranış qaydalarına dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar stadionlara buraxılış, fanat atributları, içkilərin daşınması, dron və fərdi hərəkət vasitələrinin istifadəsi ilə bağlı məhdudiyyətləri sərtləşdirir. Bununla yanaşı, əvvəllər qadağan edilən vuvuzelaların istifadəsinə müəyyən şərtlərlə icazə verilib.

Bu barədə “TASS” Agentliyinə istinadən MSNews.az xəbər verir.

Dəyişikliklərə əsasən, azarkeşlər stadion ərazisinə elektrosamokat, monokoleso və digər fərdi hərəkət vasitələri ilə daxil ola bilməyəcəklər. İstisna yalnız hərəkət imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulan vasitələrə aiddir. Həmçinin pilotsuz uçuş aparatlarının yarış məkanına gətirilməsi və istifadəsi yalnız təşkilatçılarla razılaşdırıldıqda mümkün olacaq.

Yeni qaydalarda stadiondakı təhlükəsizlik tələbləri də genişləndirilib. Azarkeşlərə ograjdalar, parapetlər, işıqlandırma qurğuları, dirəklər, daşıyıcı konstruksiyalar və stadion ərazisindəki ağacların üzərinə çıxmaq qadağan olunub. Bundan başqa, tamaşaçılar şəxsi əşyalarla yanaşı, nəqliyyat vasitələrini də baxış üçün təqdim etməli olacaqlar.

Fanat bannerləri və plakatlarla bağlı da yeni məhdudiyyətlər tətbiq edilib. Rusiya mediasının hökumət sənədinə istinadən yaydığı məlumata görə, tribunalarda yerləşdirilən bannerlərdə zorakılığı, nifrəti, təhqiri və ya “ənənəvi dəyərlərə zidd” hesab edilən məzmunu ehtiva edən yazı və təsvirlər olmamalıdır. Bayraq və bannerlərin ölçüləri də məhdudlaşdırılıb.

İçkilərlə bağlı qaydalar da dəqiqləşdirilib. Şüşə və metal qablar əvvəlki kimi qadağan olaraq qalır. Plastik qabın həcmi 0,5 litrdən çox olmamalı, bir nəfərin özü ilə gətirə biləcəyi içkilərin ümumi həcmi isə 1 litri keçməməlidir.

Yumşaldılmış qaydalardan biri isə səsli azarkeş atributları ilə bağlıdır. Vuvuzela, şeypur və fanat düdüklərindən istifadə artıq tam qadağan deyil, lakin yalnız yarış təşkilatçısı ilə razılaşdırıldıqda və digər tamaşaçılara mane olmayacaq yerlərdə mümkün olacaq.