Rusiyada IX çağırış Dövlət Dumasına üçgünlük seçkilər rəsmən başlayıb. İlk seçki məntəqələri sentyabrın 18-də yerli vaxtla saat 08:00-da ölkənin ən şərq regionları olan Kamçatka və Çukotkada açılıb. Səsvermə sentyabrın 20-dək davam edəcək.
MSNews.az xəbər verir ki, bəzi ucqar və gediş-gəlişi çətin ərazilərdə erkən səsvermə hələ avqustun sonlarında başlayıb. Erkən səsvermə mexanizmi hərbi vəziyyət və yüksək təhlükə rejimi tətbiq olunan bəzi regionlarda da istifadə olunur.
Kamçatka Seçki Komissiyasının məlumatına görə, sentyabrın 17-dək 11,5 mindən çox seçici əvvəlcədən səs verib. Onlardan 5097 nəfəri dənizdə, təxminən 6,5 min nəfəri isə quruda səsvermədə iştirak edib. Çukotkada erkən səs verənlərin sayı 4054 nəfər olub; onların arasında geoloqlar, meteoroloqlar, maralçılar, hərbçilər və mədən sənayesi işçiləri var.
Dövlət Dumasına ümumilikdə 450 deputat seçiləcək. Mandatların 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı dairələr üzrə bölüşdürülür. Seçki bülletenində 10 siyasi partiya yer alıb.
Bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra keçirilən ilk Dövlət Duması seçkiləridir. “Reuters” seçkilərin Ukraynanın Rusiya nəzarətində olan ərazilərində də təşkil edildiyini bildirir.
Rusiya Mərkəzi Seçki Komissiyası Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Moskvanın nəzarətində olan hissələrində Dövlət Dumasına seçkilərin keçirilməsi barədə ayrıca qərar qəbul edib. Bu ərazilər ilk dəfə Rusiya parlament seçkilərində iştirak edir. Moskva onları Rusiya ərazisi hesab etsə də, Ukrayna və beynəlxalq ictimaiyyətin böyük hissəsi həmin ilhaqları tanımır.