Rusiya, Ukrayna müharibəsi və Qərb tərəfindən tətbiq edilən genişmiqyaslı sanksiyalardan sonra internet sahəsində də öz müstəqil ekosistemini qurmaq istiqamətində ciddi addımlar atır.
Roskomnadzorun tətbiq etdiyi qanunlar nəticəsində ölkədə internet trafiki mərkəzləşdirilmiş şəkildə idarə olunur. “Meta” şirkətinin “Facebook” və “Instagram” platformalarının “dağıdıcı təşkilat” kimi təsnif edilməsi, “X” və “YouTube”-un bloklanması, rus istifadəçilərin rəqəmsal davranışlarını kökündən dəyişib.
Qərb platformalarının qadağan olunması ilə Rusiyada milyonlarla istifadəçi yerli alternativlərə yönəlir. “VKontakte” (VK) və “Telegram” bu boşluğu dolduraraq rekord böyümə göstərib, “WhatsApp” tamamilə bloklanıb, “Telegram” isə məhdudiyyətlərə məruz qalır. Yerli “MAX” tətbiqi, xüsusən dövlət qurumları tərəfindən sürətlə qəbul edilir və artıq 70 milyondan çox istifadəçiyə sahibdir.
Ekspertlər bildirirlər ki, bu rəqəmsal çevrilmə yalnız platforma dəyişiklikləri ilə məhdudlaşmır; istifadəçi məlumatları rus serverlərində, “RuStore” və yerli məlumat mərkəzlərində toplanır və dövlətin nəzarət imkanlarını artırır. Roskomnadzor, DPI texnologiyası ilə TSPU cihazlarını istifadə edərək internet trafiki, VPN protokolları da daxil olmaqla, müəyyən məlumatları yavaşlatmaq və ya bloklamaq imkanına malikdir. VPN istifadəsi yalnız dövlətin təsdiq etdiyi “ağ siyahı” daxilində mümkündür.
Rusiyanın uzunmüddətli hədəfi, global internetdən tamamilə ayrıldıqda belə işləyə biləcək avtonom bir şəbəkə yaratmaqdır. “RuNet” layihəsi çərçivəsində milli DNS serverləri, dövlət qurumlarının yalnız yerli proqram təminatı istifadə etməsi və maliyyə məlumatlarının ölkə xaricinə çıxmasının qarşısının alınması kimi addımlar atılır.
“GosUslugi” portalı internet girişi üçün rəqəmsal kimlik funksiyası daşıyacaq, pasportsuz SIM kart satışı qadağan ediləcək və sosial media platformaları dövlət sisteminə qeydiyyata alınmalıdır, bu da internetdə anonimliyi azaldır.
“VK Video” və “RuTube” kimi yerli platformalara dəstək verilir, yerli platformalara keçid üçün reklam və təşviqlər tətbiq olunur. Lakin, qərbli istehsalçıların Rusiyadan çıxması, 5G və süni intellekt kimi yüksək hesablama gücü tələb edən sahələrdə hədəflərin geridə qalmasına səbəb olur. Rusiya son dörd ildə internet infrastrukturu vasitəsilə “rəqəmsal dövlət” modelinə keçərkən, VPN və digər alternativlər vasitəsilə qlobal şəbəkəyə çıxış axtaran istifadəçilər hələ də mövcuddur.