Rusiyada hökumətin yüksək rəhbərliyində genişmiqyaslı kadr dəyişikliklərinə hazırlıq gedir. Prezident Vladimir Putinin dəstəklədiyi təkliflərə əsasən, bir neçə baş nazir müavininin dəyişdirilməsi, 41 yaşlı İrina Okladnikovanın isə hökumət aparatının rəhbərliyinə gətirilməsi nəzərdə tutulur. Yeni təyinatlarla bağlı müzakirələrdə Okladnikovanın ailəsinin Putinin qızı Katerina Tixonova ilə əlaqələri də diqqət mərkəzinə düşüb.
MSNews.az xəbər verir ki, oktyabrın 19-da Rusiyanın Baş naziri Mixail Mişustin Prezident Vladimir Putinə hökumətdə nəzərdə tutulan kadr dəyişikliklərini təqdim edib.
“RBK” nəşrinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Prezident Putinin təklifləri dəstəklədiyini açıqlayıb. Namizədlərin müvafiq prosedurlardan sonra rəsmi qaydada vəzifəyə təyin edilməsi nəzərdə tutulur.
“Vedomosti” nəşrinin məlumatına görə, o, 1984-cü il noyabrın 3-də Krasnoyarskda anadan olub. Okladnikova 2006-cı ildə Krasnoyarsk Dövlət Universitetini bitirib, 2014-cü ildə isə hüquq təhsili alıb.
O, Maliyyə Nazirliyində büdcə siyasəti, dövlət maliyyəsinin idarə olunması və investisiya layihələri ilə bağlı mühüm istiqamətlərə cavabdeh olub. Təyinat rəsmiləşərsə, Okladnikova hazırkı Rusiya hökumətinin ən gənc baş nazir müavini olacaq.
Lakin Okladnikovanın vəzifəyə gətirilməsinin Katerina Tixonova tərəfindən təşkil olunduğunu və ya onun maraqlarına xidmət etdiyini təsdiqləyən sübut təqdim edilməyib.
Hökumətdə digər mühüm dəyişiklik isə 70 yaşlı Yuri Trutnevin vəzifəsindən ayrılması ilə bağlıdır.
2013-cü ildən baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifələrini tutan Trutnevin hökumətdən getməsi nəzərdə tutulur. Onun yerinə Primorsk diyarının qubernatoru Oleq Kojemyakonun namizədliyi irəli sürülüb.
Bundan başqa, nəqliyyat naziri Andrey Nikitinin baş nazirin nəqliyyat üzrə müavini, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun isə nəqliyyat naziri vəzifəsinə gətirilməsi təklif olunub.
Xatırladaq ki, Putinin uzunillik müttəfiqlərindən biri, keçmiş müdafiə naziri Sergey İvanov 2026-cı il iyunun 26-da 73 yaşında vəfat edib.