İranın xarici işlər naziri Abbas Araqçi ölkənin yeni ali dini rəhbəri Müctəba Xamenei ilə onun vəzifəyə seçilməsindən sonra şəxsən görüşmədiyini və yalnız məhdud sayda şəxsin liderlə birbaşa təmas qura bildiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Araqçi bu barədə iranlı sənədli film müəllifi Cavad Moquinin hazırladığı “Müharibənin hekayəsi 2” proqramında danışıb. Nazir müsahibədə İran rəhbərliyinin müharibə dövründəki fəaliyyəti, təhlükəsizlik sistemindəki boşluqlar, nüvə danışıqları və atəşkəs qərarının pərdəarxası barədə bir sıra açıqlamalar verib.
Müsahibənin geniş mətnini “ISNA” yayıb.
Araqçi Müctəba Xamenei ilə əvvəllər də yaxın əlaqəsinin olmadığını bildirərək deyib:
“Bu rəhbərlik dövründə onu görməmişəm. Düşünürəm ki, yalnız bir neçə nəfər onunla görüşə bilib”.
Nazirin sözlərinə görə, təhlükəsizlik şəraiti səbəbindən ali rəhbərlə əlaqə əsasən vasitəçilər üzərindən qurulur və yüksək vəzifəli şəxslərin əksəriyyəti onun harada olduğunu bilmir.
Müctəba Xamenei martın 8-də atası Əli Xameneinin ABŞ və İsrailin birgə zərbəsi nəticəsində öldürülməsindən sonra İranın ali dini rəhbəri seçilib. Lakin o, təyinatından sonra açıq tədbirlərdə görünməyib və mövqeyini əsasən yazılı bəyanatlarla ifadə edib.
Liderin öldürülməsi ssenarisi “110 kodu” adlandırılıb
Araqçi bildirib ki, müharibədən əvvəl İranın Milli Təhlükəsizlik Ali Şurasında müxtəlif hücum variantları üzrə çoxsaylı iclaslar keçirilib. ABŞ-ın təkbaşına, yaxud İsraillə birlikdə hücumu, nüvə və infrastruktur obyektlərinin vurulması kimi ssenarilərlə yanaşı, ali rəhbərin öldürülməsi ehtimalı da nəzərdən keçirilib.
Nazirin sözlərinə görə, iclas iştirakçıları həmin ehtimalı açıq şəkildə ifadə etmək istəmədikləri üçün ona “110 kodu” adı verilib:
“İclasda bunu dilə gətirmək belə çox çətin idi. ‘110 kodu baş verərsə’ deyiləndə hamı nəyin nəzərdə tutulduğunu bilirdi”.
Araqçi bütün cavab tədbirlərinin əvvəlcədən yazıldığını, təsdiqləndiyini və aidiyyəti qurumlara göndərildiyini söyləyib. Onun iddiasına görə, İranın müharibə başladıqdan qısa müddət sonra qarşı hücuma keçməsi və Hörmüz boğazını bağlaması da bu planın tərkib hissəsi olub.
“Rəhbərlik kompleksində təhlükəsizlik boşluğu olub”
Araqçi Əli Xameneinin ofisinin yerləşdiyi kompleksə zərbə endirilən zaman həmin ərazidə olduğunu da açıqlayıb. Onun sözlərinə görə, eyni saatlarda kompleksdə və yaxınlıqdakı binalarda bir neçə yüksək səviyyəli toplantı keçirilib və hücum edən qüvvələr bu görüşlərin vaxtını əvvəlcədən biliblər.
Nazir bunu İranın təhlükəsizlik sistemindəki ciddi boşluğun əlaməti adlandırıb:
“Onların bu iclaslardan xəbərdar olması təhlükəsizlik boşluğunun mövcudluğunu göstərir. Görünür, bu boşluq hələ də tam aradan qaldırılmayıb”.
Araqçi binaya bir neçə saniyə ərzində üç zərbə endirildiyini, tavan və divarların uçduğunu, özünün və Əsgər Hicazinin dağıntılar arasından çıxdığını bildirib. Onun sözlərinə görə, hücumdan sonra üç gün ərzində bir çox yüksək vəzifəli şəxsin vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.
İran regional ölkəni vurduğunu iddia edir
İranın xarici işlər naziri müharibənin üçüncü günü adı açıqlanmayan regional ölkənin xarici işlər nazirinin ona zəng etdiyini də deyib. Araqçinin sözlərinə görə, həmin ölkə İranın zərbəsinə cavab verəcəyini, lakin qarşılıqlı hücumların davam etdirilməsini istəmədiyini bildirib.
Araqçi qarşı tərəfə birbaşa hücumun iki ölkə arasında müharibəyə səbəb olacağı barədə xəbərdarlıq etdiyini söyləyib. O, həmin dövlətin ABŞ bazalarının İran əleyhinə istifadəsinə imkan verməməsi barədə əldə olunan razılaşmaya əməl etmədiyini və Tehranın müharibənin sonunadək oradakı hədəfləri vurduğunu iddia edib. Nazir ölkənin adını açıqlamayıb. Bu iddialar qarşı tərəf və müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.
Nüvə fəaliyyətlərinin dayandırılması rədd edilib
Araqçi ABŞ-nin uranın zənginləşdirilməsinin “sıfıra endirilməsi” və nüvə fəaliyyətlərinin bir neçə il dayandırılması tələbini qəbul etmədiklərini bildirib. Onun fikrincə, belə bir güzəşt müharibədən daha ağır siyasi nəticələrə səbəb ola və hərbi təzyiq vasitəsilə İrandan güzəşt alınması presedenti yarada bilərdi.
Nazir danışıqların müharibəyə səbəb olması barədə fikirləri rədd edərək ABŞ və İsrailin istədikləri nəticəni diplomatiya yolu ilə əldə etmədikdən sonra hərbi yola əl atdığını iddia edib.
Atəşkəs qərarı kiçik qruplarla müzakirə olunub
Araqçinin sözlərinə görə, müharibənin son mərhələsində Milli Təhlükəsizlik Ali Şurasının bütün üzvlərini eyni binaya toplamaq təhlükəli olduğundan atəşkəs məsələsi üç və dörd nəfərlik qruplarda müzakirə edilib. Ayrı-ayrı görüşlərin nəticələri daha sonra birləşdirilib.
Nazir İranın atəşkəsi yalnız Tehranın təqdim etdiyi 10 maddəlik planın gələcək danışıqların əsası kimi qəbul olunması şərti ilə təsdiqlədiyini deyib. Lakin ABŞ və İran atəşkəs memorandumunun məzmununu fərqli təqdim ediblər.