İtaliyanın paytaxtı Romada yüzlərlə insan antisemitizmlə mübarizəni gücləndirməyi və Beynəlxalq Holokost Xatirə Alyansının (IHRA) antisemitizm tərifini qanunvericilikdə əsas götürməyi nəzərdə tutan layihəyə etiraz edib.
MSNews.az xəbər verir ki, aksiya sentyabrın 9-da Deputatlar Palatasının yerləşdiyi Montecitorio qarşısında keçirilib. “Al Jazeera” meydanda yüzlərlə insanın toplandığını, “ANSA” isə etiraz kampaniyasına təxminən 300 təşkilatın qoşulduğunu bildirib. Eyni gündə İtaliyanın onlarla başqa şəhərində də aksiyalar təşkil olunub.

Etirazçılar qanun layihəsinin antisemitizmlə İsrail dövlətinin siyasətinə yönələn tənqidi bir-birinə qarışdırmaq riski yaratdığını düşünürlər. “Amnesty International Italia” layihənin məktəblər, universitetlər, mədəniyyət sahəsi, media və sosial platformalarda ifadə azadlığına mənfi təsir göstərə biləcəyini bildirir. Aksiyaya “Amnesty International”, həmkarlar ittifaqları, jurnalist təşkilatları və irqçiliyə qarşı fəaliyyət göstərən yəhudi qrupu “Tikkun” da dəstək verib.
Mübahisələrin mərkəzində IHRA-nın 2016-cı ildə qəbul etdiyi işçi tərif və ona əlavə edilən nümunələr dayanır. Layihənin əleyhdarları həmin nümunələrin bir hissəsinin bəzi hallarda İsrailə qarşı siyasi tənqidin antisemitizm kimi qiymətləndirilməsinə yol aça biləcəyini iddia edirlər. Bunun əvəzinə onlar antisemitizmlə mübarizəni ifadə azadlığı ilə uzlaşdırmağa çalışan “Yerusəlim Bəyannaməsi”nin əsas götürülməsini təklif edirlər.
BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese də layihəni tənqid edib. O, “Al Jazeera”-ya bildirib ki, hər hansı dövlətə yönəlmiş tənqidlə antisemitizmi birbaşa və ya dolayı şəkildə eyniləşdirən qanunvericilik ifadə azadlığını məhdudlaşdırmaq riski daşıyır.
İtaliya Yəhudi İcmaları İttifaqı — UCEI isə fərqli mövqedədir. Qurumun prezidenti Livia Ottolengi layihənin “senzura” yaratdığı barədə ittihamları rədd edib və sənəddə tənqidçilərin iddia etdiyi kimi ayrıca cəza və ya sanksiya mexanizmlərinin nəzərdə tutulmadığını bildirib. UCEI hələ mart ayında Senatda layihənin qəbulunu müsbət qiymətləndirərək antisemitizmin artması fonunda daha aydın hüquqi çərçivəyə ehtiyac olduğunu vurğulamışdı.
Qanun layihəsi martın 4-də İtaliya Senatı tərəfindən təsdiqlənib və hazırda Deputatlar Palatasında C.2830 nömrəsi ilə müzakirə olunur. İtaliya Senatının məlumatına görə, sənəd antisemitizmlə mübarizə və IHRA-nın işçi tərifinin qəbulunu nəzərdə tutur.
Sentyabrın 9-da Deputatlar Palatasının Konstitusiya məsələləri komissiyasındakı iclas səsvermə keçirilmədən başa çatıb. “ANSA” yazır ki, komissiya mərhələsində səsvermə sonrakı tarixə keçirilib, layihənin parlamentin plenar iclasına çıxarılması üçün isə 2 oktyabr tarixi nəzərdə tutulub.