Ukrayna Silahlı Qüvvələrinin tərkibində Yaponiya, Çin və digər Asiya ölkələrindən olan döyüşçüləri birləşdirən Asiya Könüllülər Korpusu (Asian Volunteer Corps) yaradılıb.
MSNews.az xəbər verir ki, “UNITED24” korpusun Asiyanın müxtəlif ölkələrindən Ukraynaya döyüşmək üçün gələn könüllüləri bir araya gətirdiyini bildirib. Platformanın məlumatına görə, bölmə hazırda Zaporojye istiqamətində Ukrayna qüvvələrinin tərkibində fəaliyyət göstərir. Korpusun fotolarını 24-cü Əlahiddə Hücum Batalyonu “Aydar”ın komandirlərindən Stanislav “Osman” Bunyatov da yayıb.
Yayımlanan görüntü və məlumatlarda korpusun tərkibində yapon və çinli könüllülərin olduğu görünür. “UNITED24” paylaşımında Yaponiya, Çin və Cənubi Koreya bayraqlarından da istifadə edərək bölmənin daha geniş Asiya coğrafiyasından könüllüləri qəbul etdiyini qeyd edib.
Korpusla əlaqəli işə qəbul materiallarında xarici könüllülərə altı aylıq müqavilələrin təklif edildiyi bildirilir. Çin dilində yayımlanan çağırışlarda qeyri-döyüş vəzifələri üçün aylıq baza ödənişinin təxminən 650-670 dollar olduğu, döyüş tapşırıqlarında isə ödənişlərin nəticə və şəraitdən asılı olaraq 6500–10000 dollara qədər çata biləcəyi göstərilir.
Asiya Könüllülər Korpusunun yaradılması Ukraynanın 2022-ci ildən etibarən xarici vətəndaşları öz silahlı qüvvələrinə cəlb etdiyi beynəlxalq könüllü birliklərin genişlənməsinin yeni mərhələsi kimi qiymətləndirilir. UNITED24-ün məlumatı bölmənin artıq Ukrayna ordusunun rəsmi strukturu daxilində fəaliyyət göstərdiyini göstərir.