ABŞ vitse-prezidenti Cey Di Vens Texasın Dallas şəhərində keçirilən qapalı Respublikaçı toplantıda partiya nümayəndələrinin “48” şüarları ilə qarşılanıb. Şüar Vensin 2028-ci ildə ABŞ-ın 48-ci prezidenti olması istəyinə işarə edib.
MSNews.az xəbər verir ki, “Politico” qapalı səhər yeməyində iştirak edən dörd mənbəyə istinadən bu barədə məlumat yayıb. Toplantıya Vensin doğma ştatı Ohayo ilə yanaşı, prezident seçkilərində mühüm rol oynayan Miçiqan, Pensilvaniya və Viskonsindən Respublikaçı rəsmilər və nümayəndələr qatılıblar.
Məlumata görə, Vensin çıxışı 2028-ci il prezident seçkilərinə deyil, qarşıdan gələn aralıq seçkilərinə həsr olunub. Buna baxmayaraq, iştirakçılar onun çıxışı zamanı “48” şüarı səsləndirməyə başlayıblar.
Qapalı görüşdəki şüarlara baxmayaraq, Vens namizədliyini elan etməyib. O, toplantıda əsas diqqətin 2026-cı il seçkilərinə yönəldilməli olduğunu bildirib. Daha sonra Respublikaçıların Dallasdakı açıq qurultayında da auditoriyadan “JD 48!” səsləri eşidilib. Vens buna cavab olaraq:
“Əvvəlcə bu noyabrda işimizi görməliyik, sonra növbəti mərhələ barədə düşünərik”, — deyib.
Bu epizodu “Associated Press” və “Reuters” də qeydə alıb. Hər iki nəşr Vensin hazırda Respublikaçılar Partiyası daxilində 2028-ci il prezidentliyinə potensial əsas namizədlərdən biri kimi önə çıxdığını qeyd edir.
Bununla belə, partiya daxilində Trampdan sonrakı liderlə bağlı hələ vahid mövqe yoxdur. Dövlət katibi Marko Rubio, Florida qubernatoru Ron DeSantis və Texas senatoru Ted Kruzun adları da mümkün 2028 namizədləri sırasında çəkilir. Tramp isə hələlik konkret varisə rəsmi dəstək elan etməyib.