Rəqibinin ayağını sındıran futbolçuya qeyri-adi cəza

“İnternasional”ın müdafiəçisi Viktor Qabriel “Kruzeyro”nun hücumçusu Qabriel Pek məşqlərə qayıdanadək diskvalifikasiya olunub. Cəzanın maksimal müddəti 180 gün müəyyənləşdirilib.

13

Braziliyanın Ali İdman Ədalət Məhkəməsi “İnternasional”ın müdafiəçisi Viktor Qabrielə rəqib futbolçunun sağalma müddətindən asılı olan qeyri-adi cəza verib.

MSNews.az xəbər verir ki, futbolçu əvvəlcə altı oyunluq diskvalifikasiya olunub. Bununla yanaşı, onun cəzası “Kruzeyro”nun hücumçusu Qabriel Pek məşqlərə qayıdanadək uzadılıb. Diskvalifikasiyanın maksimal müddəti 180 gün, yəni təxminən altı ay müəyyənləşdirilib. Qərar birinci instansiyada səs çoxluğu ilə qəbul edilib və ondan şikayət verilə bilər.

Hadisə iyulun 22-də Braziliya A Seriyasında keçirilən “İnternasional”–“Kruzeyro” matçında baş verib. Viktor Qabriel top uğrunda mübarizə zamanı rəqibinin sol baldır sümüyü nahiyəsinə təhlükəli müdaxilə edib və birbaşa qırmızı vərəqə alıb. Sonrakı müayinələr Qabriel Pekin sol baldır sümüyünün sındığını göstərib və futbolçu əməliyyat olunub.

“Reuters” yazır ki, məhkəmə zədənin ağırlığı nəzərə alınaraq adi oyun sayına əsaslanan cəzanı yetərli hesab etməyib. Braziliyanın İdman Ədaləti Məcəlləsinin müvafiq maddəsi ağır və kobud oyun nəticəsində zərərçəkən idmançı məşq edə bilmədikdə, qaydanı pozan futbolçunun onun qayıdışınadək cəzalandırılmasına imkan verir.

Viktor Qabriel məhkəmə iclasında rəqibinə xəsarət yetirmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, meydançanın yaş və sürüşkən olması səbəbindən topa müdaxilədən sonra ayağını vaxtında geri çəkə bilməyib. Futbolçu Qabriel Pekdən üzr istədiyini və baş verənlərə görə dərin peşmanlıq keçirdiyini deyib.

Qabriel Pek həmin qarşılaşmada “Kruzeyro”nun heyətində ilk oyunlarından birini keçirirdi. O, iyulda ABŞ-nin “Los-Anceles Qalaksi” klubundan Braziliya təmsilçisinə keçmişdi. “AS” futbolçunun təxminən üç-dörd ay yaşıl meydanlardan uzaq qala biləcəyini yazıb. Bununla belə, onun dəqiq qayıdış tarixi tibbi bərpa prosesindən asılı olacaq.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Xəbər lenti