Rusiya Prezidenti Vladimir Putin və Fələstin Prezidenti Mahmud Abbas Moskvada keçirilən görüş zamanı Qəzza zolağında mövcud humanitar və siyasi vəziyyəti ətraflı müzakirə ediblər.
Rusiyaya rəsmi səfər edən Abbas paytaxt Moskvada Putinin qəbulunda olub. Görüşün mətbuata açıq hissəsində çıxış edən Vladimir Putin Rusiya ilə Fələstin arasında münasibətlərin tarixi və dərin köklərə malik olduğunu vurğulayaraq, bölgədə yaşanan bütün çətinliklərə baxmayaraq ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib.
Putin qeyd edib ki, hazırda ticarət dövriyyəsinin həcmi böyük olmasa da, artım tendensiyası müşahidə olunur və son dövrdə qarşılıqlı ticarət həcmi üç dəfə artıb. Rusiya lideri Fələstin dövlətinin yaradılmasının regional sabitlik baxımından əsas şərt olduğunu vurğulayaraq, Moskvanın Fələstin məsələsinə yanaşmasının prinsipial və situativ maraqlardan uzaq olduğunu deyib.
Putinin sözlərinə görə, yalnız tam hüquqlu və funksional Fələstin dövlətinin qurulması Yaxın Şərqdə uzunmüddətli və dayanıqlı sülhə yol aça bilər. Qəzzadakı ağır humanitar vəziyyətə toxunan Putin Rusiyanın bu bölgəyə indiyədək 800 min ton humanitar yardım göndərdiyini açıqlayıb. O, Mahmud Abbasla görüş zamanı Fələstin probleminin həlli perspektivlərini, eləcə də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Qəzza sülh planı çərçivəsində yaradılması nəzərdə tutulan “Sülh Şurası”nın fəaliyyətini müzakirə edəcəklərini bildirib.
Putin Qəzzanın yenidən bərpasına dəstək məqsədilə ABŞ-da dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların “Sülh Şurası”na köçürülməsinin mümkünlüyünü gündəmə gətirib və bu məsələnin amerikalı rəsmilərlə daha əvvəl də müzakirə edildiyini qeyd edib. Onun sözlərinə görə, Moskva səfəri çərçivəsində bu istiqamətdə əlavə məsləhətləşmələr aparılması planlaşdırılır.
Fələstin Prezidenti Mahmud Abbas isə çıxışında Rusiyanı Fələstin xalqının yaxın dostu adlandıraraq, Moskvanın həm siyasi və diplomatik, həm də iqtisadi sahədə verdiyi dəstəyin Fələstin üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Abbas ölkəsində yaranmış vəziyyəti son dərəcə ağır kimi qiymətləndirərək, İsrailin işğalı nəticəsində Qəzza zolağında, İordan çayının qərb sahilində və Qüdsdə genişmiqyaslı dağıntıların baş verdiyini deyib.
Onun sözlərinə görə, Qəzzada ölən və yaralananların sayı 260 minə çatıb, Qərb Sahilində isə minlərlə insan xəsarət alıb. Abbas Qəzza zolağının demək olar ki, tamamilə dağıdıldığını, infrastrukturun təxminən 85 faizinin məhv edildiyini vurğulayıb. Buna baxmayaraq, Fələstin xalqının öz torpaqlarına bağlı qaldığını bildirən Abbas amerikalı və israilli tərəflərin fələstinliləri məcburi köçürmə cəhdlərinə qəti şəkildə qarşı olduqlarını deyib. O, Fələstin xalqının hansı şərtlər altında olursa-olsun torpaqlarını tərk etməyəcəyini vurğulayıb. Abbas çıxışının sonunda bölgədə sülhə təcili ehtiyac olduğunu bildirərək, bunun yalnız BMT qərarları çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə mümkün ola biləcəyini, bu istiqamətdə Rusiya ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.