Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında “Ukrayna” mövzusunda keçirilən görüş başa çatıb.
Kremlin Mətbuat Xidmətindən verilən açıqlamaya görə, görüş Rusiya paytaxtı Moskva şəhərində baş tutub və tərəflər arasında təxminən 3,5 saat davam edib.
Görüşdə ABŞ nümayəndə heyətində Stiv Uitkoff ilə yanaşı, Cared Kuşner və ABŞ Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum iştirak edib. Rusiya tərəfini isə Kremlin xarici siyasət üzrə müşaviri Yuriy Uşakov və Prezident Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev təmsil edib.
Tərəflər görüş zamanı Ukrayna böhranının həlli prosesi ilə bağlı mövcud vəziyyəti və mümkün diplomatik addımları müzakirə ediblər. Rəsmi açıqlamada danışıqların məzmunu barədə əlavə detallar verilməyib, lakin görüşün konstruktiv mühitdə keçdiyi bildirilib.