İspaniyanın Kabo-Verde ilə sensasion heç-heçəsi “Polymarket” proqnoz bazarında bir istifadəçiyə milyonlarla dollar qazandırıb.
MSNews.az xəbər verir ki, “NY Post”un məlumatına görə, “fishalive” adlı istifadəçi İspaniyanın Dünya Kubokundakı ilk oyununda Kabo-Verdeyə qalib gəlməyəcəyinə təxminən 427 min dollar yatırıb.

Məlumata əsasən, bu nəticənin ehtimalı oyunöncəsi cəmi 9-10 faiz civarında qiymətləndirilirdi. “Polymarket” bazarında İspaniyanın qələbəsi 91 faizlik ehtimalla qiymətləndirilmişdi, heç-heçə və Kabo-Verde qələbəsi isə autsayder variantlar hesab olunurdu.
Lakin oyun gözlənilməz nəticə ilə başa çatıb. Kabo-Verde mundial debütündə İspaniyaya qarşı möhtəşəm müdafiə oyunu göstərərək 0:0 hesablı heç-heçə edib.
Bu nəticədən sonra “fishalive” istifadəçisinin proqnozu uğurlu olub. Yayılan məlumata görə, həmin proqnoz üzrə qazanc 4 milyon 702 min dollardan çox təşkil edib.
Bu nəticə təkcə futbol baxımından deyil, proqnoz bazarlarında da geniş müzakirələrə səbəb olub.