Patriarx Kirillin gizli həyatı: 50 ildən çoxdur onu müşayiət edən qadın kimdir?

Patriarx Kirillin 50 ildən çoxdur gizli vətəndaş nikahında yaşadığı iddia olunur. Onu xarici səfərlərdə müşayiət edən Lidiya Leonova və Bakıya VIP səfərin detalları.

67

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin (dünyəvi adı Vladimir Qundyayev) artıq yarım əsrdən çoxdur ki, gizli şəkildə bir qadınla birlikdə yaşadığı iddia olunur. Bu barədə “Agentstvo” informasiya agentliyi və “Proyekt” nəşrinin birgə apardığı araşdırmada bildirilir.

Araşdırmaya görə, Patriarx Kirili 50 ildən artıq müddətdir müşayiət edən qadın onunla eyni mənzildə yaşayır, xarici səfərlərdə birlikdə uçur və patriarxa məxsus əmlakın bir hissəsinin rəsmi sahibidir. Daha əvvəl Kremlin təbliğatçısı Vladimir Solovyov bu qadını guya patriarxın “üçüncü dərəcəli əmisi qızı” kimi təqdim etsə də, araşdırma bunun həqiqətə uyğun olmadığını üzə çıxarıb.

Mənbələrin yazdığına görə, söhbət Lidiya Leonova adlı qadından gedir. O, faktiki olaraq vətəndaş nikahında olan həyat yoldaşının yerinə yetirdiyi bütün funksiyaları icra edir. Halbuki pravoslav kilsə qanunlarına görə, rahiblərin və yüksək rütbəli kilsə xadimlərinin bu cür münasibətləri qadağandır.

Araşdırmada 2019-cu il fevralın 5-də Patriarx Kirillin Bakıya VIP səviyyəli Airbus A318-112 Elite tipli biznes-jet ilə gəlişi də əks olunub. Bu tip təyyarələr adətən ya yüksək vəzifəli şəxslər, ya da son dərəcə varlı insanlar tərəfindən istifadə olunur.

Təyyarədən qara rahib geyimində Patriarx Kirill və onun ardınca bir qadın enib. Araşdırmaya görə, bu qadın məhz, Lidiya Leonova olub.

Araşdırmada vurğulanır ki, patriarxın şəxsi həyatı ilə bağlı bu məlumatlar uzun illər gizli saxlanılıb və yalnız son dövrlərdə sənədlər, uçuş qeydləri və əmlak bağlantıları əsasında üzə çıxarılıb.