Ramzan Kadırov 20 yaşlı oğluna “Çeçenistan Qəhrəmanı” adı verib

Ramzan Kadırovun 20 yaşlı oğlu Əhməd Kadırov “Çeçenistan Respublikasının Qəhrəmanı” fəxri adına layiq görülüb. O, hazırda respublika hökuməti sədrinin müavini və idman naziridir.

62

Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Əhməd Kadırova “Çeçenistan Respublikasının Qəhrəmanı” fəxri adı verilib. 

MSNews.az xəbər verir ki, bu barədə Çeçenistan hökumətinin sədri Maqomed Daudov məlumat verib. Çeçenistanın dövlət “Vaynax” telekanalının məlumatına görə, Əhməd Kadırova çeçen dilində “Noxçiyn Paçxalkan Qonax” adlandırılan fəxri ad respublika və onun əhalisi qarşısındakı xidmətlərinə, eləcə də fiziki mədəniyyət və idmanın inkişafına verdiyi töhfəyə görə təqdim olunub.

Maqomed Daudov bildirib ki, Əhməd Kadırovun iştirakı ilə Çeçenistanda idman infrastrukturunun inkişaf etdirilməsi, gənc idmançıların dəstəklənməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində işlər aparılır.

Fəxri adın verilməsi barədə fərmanı Ramzan Kadırov imzalayıb. Mükafatlandırma mərasimi Qroznıda Daqun Omayev adına Təntənələr Evində, Bədən Tərbiyəçisi Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilib.

Əhməd Kadırov hazırda Çeçenistan Respublikası hökuməti sədrinin müavini və fiziki mədəniyyət və idman naziridir. Respublikanın rəsmi hökumət portalında da onun vəzifəsi bu şəkildə göstərilir.

O, 2024-cü ilin mayından idman naziri vəzifəsini tutur. Daha əvvəl Çeçenistanın gənclər naziri vəzifəsində çalışıb və “Axmat” futbol klubunun prezidenti olub.