Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və iki ölkə arasında sərhədlərin tam açılmasına çox yaxın olduqlarını açıqlayıb.
MSNews.az xəbər verir ki, Paşinyan bu barədə İrlandiyanın paytaxtı Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda çıxışı zamanı danışıb. O, yaxın gələcəkdə Ankara ilə münasibətlərin tam normallaşacağına əminliyini ifadə edib.
Bu barədə “Armenpress” məlumat yayıb.
Baş nazir noyabrın 11-də Antalyada keçirilən COP31 iqlim sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşü müsbət qiymətləndirib.
“İki gün əvvəl Prezident Ərdoğanla çox müsbət görüşüm oldu. Hər iki tərəf irəliləyiş əldə etdiyimizi və son addıma – diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxın olduğumuzu təsdiqlədi”, – deyə Paşinyan bildirib.
Ermənistan lideri son illərdə Türkiyə ilə iqtisadi əlaqələrdə də irəliləyişin olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında birbaşa quru sərhədi bağlı qalsa da, Gürcüstan üzərindən ticarət əlaqələri genişlənib.
Paşinyan qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin qurulmasını Ermənistanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, quru sərhədi isə 1993-cü ildən bağlıdır. Tərəflər 2021-ci ilin sonunda münasibətlərin normallaşdırılması prosesinə başlayıblar. 2022-ci ildə üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması barədə razılıq əldə olunsa da, qərar hələ icra edilməyib.