Papissa İohanna: Tarixin ilk qadın papası həqiqətən olub?

1200 il əvvəl papalıq tarixində qadın Papa İohanna haqqında iddialar: kim idi, necə gizləndi, həqiqətən mövcud oldu mu? Vatikan və arxiv mənbələri ilə bağlı bütün detalları kəşf edin.

Papa Fransisk öldü. Yerinə yeni papa da seçildi. Özü də, bu dəfəki papa seçkisi bir ilklə yekunlaşdı – ilk dəfə Şimali Amerikadan olan amerikan-Peru mənşəli yepiskop – Robert Prevos Vatikanın ən yüksək taxtına əyləşdi. Robert Prevos və ya yeni adı ilə XIV Leo, ilk papa olaraq bilinən Müqəddəs Pyotrun 266-cı rəsmi xələfidir və bütün papalar, əlbəttə ki, kişi olub.

Lakin 1200 ildən bir qədər çox müddət öncə papalıq tarixində başqa bir “ilk”in gerçəkləşdiyi iddia edilməkdədir. Papissa İohanna (Papa Joan) olaraq anılan bir qadın, seçilən ilk və tək qadın papa olub, yaxud belə söylənməkdədir. İddiaya görə o, IV Leo (855-ci ildə vəfat edib) ilə III Benedikt (858-ci ildə vəfat edib) arasında iki il yarım müddətdə  “VIII John” adıyla papalıq taxtını tutduğu iddia edilən bir qadındır. Bu gün qəbul edilən papalar siyahısında  VIII Jean adı, daha sonra, 872-882-ci illərdə taxtda olmuş gerçək bir papaya aiddir.

Əksər insan, ən dindar katoliklər belə, Papissa İohanna haqda heç nə eşitməyiblər və əksər kilsə yetkililəri əsrlərdir onun hekayəsini birmənalı şəkildə rədd edir. Amma bəlkə də bu rədd etmə bir ört-basdır cəhdidir, nə bilmək olar?! Olsa da təəccüblənmərik zatən…

Bəs həqiqət nədir? Papissa İohanna adlı biri var olubmu gerçəklikdə?

Papissa İohanna haqda ilk yazılı qeyd, “Chronica universalis Mettensis” (“Ümumdünya Metz Xronikası) olaraq bilinən XIII əsrdə aid bir əsərdir.  Müəllifi, Dominikan təriqətinə mənsub tarixçi Jan de Meyiyə (Jean de Mailly) görə, Roma yepiskopları siyahısında adı keçməyən, kişi cildinə bürünmüş, qadın olduğu üçün adı çəkilməyən bir papa vardı. O, bu naməlum papanın məzarının üzərində latınca bir ifadəyə diqqət çəkir:

“Petre pater patrum papissae prodito partum”

yəni:

“Ey Pyotr, ataların atası, qoy, doğanlar papissa olaraq görünsün.”

Lakin de Meyi bu ifadəyə latınca “Require” (yəni “doğrulanması, araşdırılması vacib”) feili ilə başlayır ki, bu da müəllifin özünün belə hekayəyə şübhəli yanaşdığını göstərir.

Cild dəyişdirmiş qadın papanın hekayəsi daha sonra adı bilinməyən erfurtlu Fransiskan təriqəti rahibinin “Chronica minor”unda və Dominikan inkivizitor və vaiz Etyen de Burbon tərəfindən ələ alınır. “Chronica minor”dakı hekayə de Meyininkinə bənzəsə də, Etyen de Burbonun qeydləri onun ölümü ilə bağlı maraqlı ayrıntıları əks etdirir. Belə ki, o, papanın xalqa açıq ərazidə uşaq doğduğunu, beləliklə, cinsiyyəti barədə əsl həqiqətlərin ortaya çıxdığını, daha sonra yalanlarından dolayı atın arxasına bağlanaraq, yarım fərsəx (1 fərsəx təxminən 6 km-ə bərabərdir) sürükləndiyi və daşlanaraq öldürüldüyünü yazır. Onun əsərində de Meyininkinə oxşar belə bir cümlə keçir:

“Parce, Pater Patrum, Papisse Prodere Partum”

yəni:

“Ey, ataların atası, papissadan doğulan uşağın görünüşünə mərhəmət et.”

Ancaq qadın papa hekayəsinin ən məşhur versiyası, başqa bir dominikan rahibi olan Martinus Polonus tərəfindən yazılan “Chronicon pontificum et imperatorum”da (“Papalar və İmperatorlar Tarixi”) əks olunur. Roma iyerarxiyası ilə bağlantılarından dolayı presitiji və etibarlılığı səbəbilə onun əsəri daha çox populyarlıq qazanmış və geniş yayılmışdı. O, qadın papanın həyatı barədə bir növ, canlı təqdimat təqdim edir. İlk dəfə “Joan” adı da onun əsərində çəkilir. Polonus, həmçinin qadın papanın milliyyəti (ingilis), doğum yeri (Mayns), papalıq dönəmi (IV Leonun 855-ci ildə ölümündən sonra) və hakimiyyət müddəti (2 il, 7 ay, 4 gün) barədə də ayrıntılı məlumat verir. Lakin Polunus istifadə etdiyi mənbələr barədə çox az şey deyir, bu səbəbdən də, hekayə barədə sələfləri kimi çox da qəti olmadığı hiss olunur.

Polonusun əsərindən sonra qadın papanın hekayəsi fərqli versiyalarla dolaşmağa başladı. Bu versiyalardan birində isə deyilirdi ki, qadın papa doğduqdan sonra öldürülməmiş, həbs edilərək, uzun illər boyunca kəfarət ödəmişdir. Öldükdən sonra isə Ostiada dəfn olunmuşdur.

Hekayənin Qottfrid de Busserə məxsus digər versiyasında isə belə bir cümlə keçir:

“Miladdan sonra 784-cü ildə Papissa İohanna bir alman (german) qadın idi və bundan sonra heç bir almanın (germanın) papa ola bilməyəcəyi ortaya çıxdı…”

Qadın papanın varlığı məsələsi hər nə qədər katolik dairələrdə təkzib olunsa da, sənət və memarlıqda bu barədə müəyyən ip ucları var. Məsələn, Vatikanda Müqəddəs Pyotr Bazilikasında Bernininin müəllifi olduğu Baldalçinin sütunlarında, doğum sancıları çəkən bir qadının üz ifadələrini əks etdirən yeddi heykəl var. Səkkizinci heykəldə isə bir uşaq təsvir olunur. Bəziləri bunu Papissa İohanna ilə əlaqələndirir. Bəziləri isə buna qarşı çıxaraq, doğum sancıları çəkən halda təsvir olunan şəxsin Papa VIII Urbanın qardaşı qızı olduğunu iddia edir.

Avstraliyanın Flinders Universitetinin alimləri tərəfindən 2018-ci ildə aparılan bir araşdırmaya görə, 850-ci illərdən qalma gerçək bir qadın papanın rəsmi olduğunu əks etdirən dəmir pullar aşkar olunub. Frank dönəminə aid olan bu pulların üzərində “Papa Johannes Anglicus” yazısı var. Bu, tarixdə doğrudan da, qadın papanın var olduğunun sübutu kimi dəyərləndirilir.

Əgər bu fakt konkret olaraq sübut olunarsa, ən böyük xristian məzhəbinin sütunlarında çox ciddi dəyişikliklərə səbəb ola bilər və qadınların rahib olmasına icazə verilməsini tələb edənlərin arqumentlərini gücləndirər.

 

Bir maraqlı faktı da bölüşmək yerinə düşərdi. Əfsanənin tərəfdarları iddia edirlər ki, bu hekayədən sonra X Leoya qədər olan hər yeni seçilmiş papa cinsiyyətin müəyyən edilməsi mərasimindən keçirilirdi. Bu mərasimdə “Sella Stercoraria” (və ya “Sedes Stercoraria”) adlı dəlikli bir kreslodan (latınca tərcüməsi: “nəcis kürsüsü”) istifadə olunurdu. Guya mərasimin sonunda papanın kişi olduğu sübut olunan zaman belə bir ifadə işlədilirmiş: “Mas nobis dominus est!” – yəni “Ağamız kişidir!”.

 

Amma bu iddianın feyk olduğu düşünülməkdədir. Çünki iddianın dəstəkçiləri əsasən anti-katolik dairələrin nümayəndələri (məsələn, Leo Taksil) idi. Düzdür, Vatikan arxivlərində və Roma muzeylərində həqiqətən də, belə dəlikli mərmər kresloların olması faktdır, lakin hansı məqsədlə istifadə edildiyi məsələsi qaranlıqdır. Xüsusilə, Leo Taksil sonradan bu iddiasının yalan olduğunu etiraf etmişdi.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.