Dünyaca məşhur fransız kahin Mişel de Nostradamusun 2026-cı illə bağlı öncəgörmələri yenidən gündəmə gəlib. Nostradamusun 1555-ci ildə nəşr etdirdiyi “Les Prophéties” (Kəhanətlər) adlı əsərində yer alan dördlüklər bu gün də böyük maraqla araşdırılır. Xüsusilə, 2026-cı ilə aid olduğu iddia edilən şeirlər dünya ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Kəhanətlər arasında ən çox diqqət çəkən məqamlardan biri “böyük bir adamın gündüz vaxtı ildırım vurması ilə süqut edəcəyi” barədə ifadədir. Bəzi tədqiqatçılar bu sözləri nüfuzlu bir dünya liderinə və ya tanınmış siyasi fiqura qarşı sui-qəsd kimi yozur. Digər şərhçilər isə “ildırım” anlayışını müasir texnologiyalar, xüsusilə lazer və ya yüksək texnoloji silahlarla əlaqələndirirlər.
Nostradamusun “yeddi ay davam edən böyük müharibə” ilə bağlı misrası da qlobal narahatlıq doğuran öncəgörmələr sırasındadır. Bu sətirlər bir çoxları tərəfindən mövcud beynəlxalq gərginliklərin genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ehtimalı ilə əlaqələndirilir. Xüsusilə, Avropada bəzi şəhərlərin (Fransanın Ruan və Evro şəhərləri) adının çəkilməsi, mümkün qarşıdurmaların qitənin dərinliklərinə qədər yayıla biləcəyi fikrini gücləndirir.
Digər maraqlı və simvolik kəhanətlərdən biri “haradan gəldiyi bilinməyən böyük arı sürüsü” ilə bağlıdır. Klassik şərhlərdə bu ifadə ekoloji fəlakət və ya təbiətin bəşəriyyətə cavabı kimi dəyərləndirilir. Müasir yanaşmalarda isə bu obraz hərbi əməliyyatlarda istifadə olunan pilotsuz uçuş aparatları və dron sürüləri ilə əlaqələndirilir.
Nostradamusun İsveçrənin neytral mövqeyi ilə tanınan Tiçino bölgəsi barədə söylədiyi sözlər də diqqət çəkir. Kahin bu ərazinin “qanla dolacağını” bildirir ki, bu da mümkün daxili qarşıdurma, sərhəd insidenti və ya böyük miqyaslı fəlakət ehtimalı kimi şərh olunur.
Kəhanətlərdə yer alan “Şərqdə üç alovun yüksəlməsi və Qərbin işığını itirməsi” ifadəsi isə astroloji məna daşıyır. Mars planetinin mövqeyi ilə əlaqələndirilən bu misralar Asiyada üç böyük münaqişənin baş verəcəyi, Qərb ölkələrinin isə iqtisadi və siyasi güc baxımından zəifləyəcəyi ehtimalını gündəmə gətirir.
Qeyd edək ki, Nostradamusun kəhanətləri tarix boyu dəfələrlə müxtəlif hadisələrlə əlaqələndirilsə də, onların simvolik və açıq yozuma açıq olduğu da mütəxəssislər tərəfindən vurğulanır.