ABŞ-ın texnologiya nəhəngi NVIDIA-nın Direktorlar Şurası şirkətin baş direktoru Censen Xuanqın Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla şəxsi münasibətləri barədə məlumatlardan sonra müstəqil araşdırmaya başlayıb. Xuanq həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən və şirkət əməkdaşlarından üzr istəyib.
MSNews.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Nəşrin yazdığına görə, araşdırma Xuanqın Sinqapurda fəaliyyət göstərən “Megaspeed International” şirkətinin keçmiş rəhbər şəxslərindən biri Alisa Xuanqla münasibətləri ətrafında yaranan milli təhlükəsizlik narahatlıqları ilə əlaqədardır.
ABŞ kəşfiyyatına istinadən yayılan məlumatlarda Alisa Xuanqın Çin hökuməti üçün məlumat topladığı iddia olunur. Onun çalışdığı “Megaspeed” şirkəti isə ABŞ-ın ixrac məhdudiyyətlərinə məruz qalan qabaqcıl süni intellekt çiplərinin Çinə çatdırılmasına kömək etməkdə şübhəli bilinir.
Məlumata görə, “Megaspeed” son iki ildə NVIDIA-dan 4,8 milyard dollardan artıq dəyərdə çip alıb. Bu kommersiya əlaqələri Xuanqın şəxsi münasibətlərinin şirkətin biznes qərarlarına və ABŞ-ın texnologiya təhlükəsizliyinə mümkün təsiri barədə suallar yaradıb.
Noyabrın 8-də NVIDIA əməkdaşlarına məktub göndərən Censen Xuanq həyat yoldaşına xəyanət etdiyini etiraf edib. O, davranışına görə məsuliyyəti üzərinə götürdüyünü, ailəsinin etimadını sarsıtdığını və şirkətin əməkdaşlarından üzr istədiyini bildirib.
“Həyat yoldaşıma sadiq qalmadım. Hərəkətlərim ona və övladlarımıza zərər verdi. Bunun heç bir bəraəti yoxdur. Çox peşmanam”, – deyə Xuanq məktubunda qeyd edib.
NVIDIA-nın Direktorlar Şurası hazırda nə şirkətin kommersiya sirlərinin, nə də ABŞ-ın milli təhlükəsizliyinin təhlükəyə atıldığına inanmaq üçün əsas görmədiyini açıqlayıb. Bununla belə, bütün faktların araşdırılması üçün kənar hüquq məsləhətçilərinin iştirakı ilə müstəqil yoxlama başladılıb.
Şirkət Xuanqın araşdırma müddətində baş direktor vəzifəsində qalacağını və fəaliyyətini fasiləsiz davam etdirəcəyini təsdiqləyib.
Bu arada, Çin Xarici İşlər Nazirliyi casusluq iddialarını rədd edib. Nazirliyin sözçüsü Quo Tsyakun məlumatları əsassız adlandıraraq Pekinə qarşı qarayaxma kampaniyası kimi qiymətləndirib.
Qeyd edək ki, Alisa Xuanqın Çin kəşfiyyatına işləməsi və NVIDIA-nın məxfi məlumatlarının ötürülməsi barədə iddialar təsdiqlənmiş fakt deyil. Araşdırmanın yekun nəticələri hələ açıqlanmayıb.