Çin yerli süni intellekt çiplərini təşviq edir, xarici texnologiyalara məhdudiyyət qoyur

Çin hökuməti kritik informasiya infrastrukturunda xarici texnologiyaların payını azaltmaq məqsədilə yeni data-mərkəzlərdə yalnız yerli istehsal süni intellekt çiplərinin istifadəsini tələb edir. Bu addım Nvidia, AMD və Intel-ə zərbə, yerli istehsalçılara üstünlük verir.

86

Çin hökuməti ölkənin kritik informasiya infrastrukturunda xarici texnologiyaların payını azaltmaq üçün yeni addım atıb.

Reuters xəbər verir ki, dövlət tərəfindən maliyyələşdirilən bütün yeni data-mərkəzlərdə yalnız yerli istehsal olan süni intellekt çiplərindən istifadə tələbi qoyulub.

Məlumata görə, hazırda tikintisi 30%-dən az tamamlanmış məlumat emalı mərkəzləri artıq quraşdırılmış xarici çipləri sökməli və ya onların alınmasını ləğv etməlidirlər. Tikintisi daha irəliləyən layihələr üzrə isə qərar ayrıca yanaşma ilə veriləcək.

Bu siyasət Nvidia, AMD və Intel kimi ABŞ texnologiya nəhənglərinə ciddi zərbə vura bilər. Eyni zamanda addım Huawei və Cambricon kimi yerli çip istehsalçıları üçün yeni bazar üstünlüyü yaradır.

2021-ci ildən bu yana Çin süni intellekt infrastrukturu və data-mərkəzlərinin inkişafına 100 milyard dollardan çox investisiya ayırıb. Reuters yazır ki, bəzi layihələr artıq məhz yeni qaydalar səbəbindən dayandırılıb.

Pekin rəsmi dairələri bu siyasətin məqsədinin “texnoloji müstəqilliyi gücləndirmək” olduğunu bildirir.