Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosistemi üzrə prioritetlər müzakirə olunub.

14

İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

MSNews.az AZƏRTAC-a istinadla məlumat yayıb.

İclasda çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və verilən tapşırıqlara əsasən rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib.

Onun sözlərinə görə, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən konkret yol xəritəsi müəyyən olunub.

Mehriban Əliyeva vurğulayıb ki, Rəqəmsal İnkişaf Şurasının əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşma formalaşdırmaq və qəbul edilən qərarların vaxtında, səmərəli icrasını təmin etməkdir.

Birinci vitse-prezident qeyd edib ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də ölkə iqtisadiyyatına güclü təkan verilməsi, müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların cəlb olunması, startaplara dəstək və daha səmərəli dövlət idarəetmə sisteminin qurulmasıdır.

Çıxışında süni intellektin roluna da toxunan Mehriban Əliyeva bildirib ki, bu sahə artıq gələcəyin deyil, bu günün əsas inkişaf amillərindən biridir. O qeyd edib ki, süni intellekt dövlətlərin təhlükəsizliyinin təmin olunmasında da getdikcə daha mühüm yer tutur.

İclasda Prezidentin köməkçisi Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik islahatları barədə məlumat verib. O, Rəqəmsal İnkişaf Şurasının yaradılmasını və bu istiqamətdə müasir hüquqi bazanın formalaşdırılması üzrə kompleks işlərin aparıldığını diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev isə təhsilin rəqəmsallaşdırılması, məktəblərin internet təminatı, sənədlərin elektronlaşdırılması, həmçinin “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin icrası barədə danışıb. Nazir insan kapitalının inkişafının rəqəmsal transformasiya prosesində əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan 27 fevral tarixli fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi və dövlət siyasətinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılıb.

Həmin fərmana görə, Şuranın sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir. Şuranın Katibliyi funksiyasının həyata keçirilməsi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.

İclas müzakirələrlə davam etdirilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti