Novruzəli Yusubzadə: “Bilal Ərdoğanın Livan səfəri adi səfər deyil”

QAFSAM eksperti Novruzəli Yusubzadə Bilal Ərdoğanın Beyrut, Tripoli və Akkar səfərlərini Türkiyənin Livandakı təsir imkanları, UNIFIL sonrası təhlükəsizlik və İsraillə regional rəqabət fonunda təhlil edib.

108

Nəciməddin Bilal Ərdoğanın üç günlük Livan səfəri və seçdiyi marşrut Türkiyənin bu ölkədə siyasi, iqtisadi və sosial təsir imkanlarını genişləndirmək cəhdləri fonunda diqqət çəkir.

QAFSAM eksperti Novruzəli Yusubzadə hesab edir ki, Beyrut, Tripoli və Akkarı əhatə edən səfərə sadəcə mədəni və ictimai proqram kimi baxmaq kifayət deyil.

Bilal Ərdoğan Beyrutda Prezident Cozef Avn, parlament sədri Nəbih Berri, baş nazir Navaf Salam, baş müfti Əbdüllətif Dəryan, druzilərin nüfuzlu siyasi fiquru Vəlid Canbulat, Rum Ortodoks mitropoliti İlyas Avde və “Müstəqbal” Hərəkatının sədr müavini Bahia Hariri də daxil olmaqla müxtəlif siyasi və dini dairələrin nümayəndələri ilə görüşüb.

“Burada görüşlərin tərkibinə diqqət etmək lazımdır. Bilal Ərdoğan yalnız sünni siyasi və dini çevrələrlə görüşmədi. Şiə siyasi sisteminin əsas fiqurlarından Nəbih Berri, druzilərin ən tanınmış siyasətçilərindən Vəlid Canbulat, xristian dini liderlər və dövlət rəhbərliyi də proqramda idi. Bu, Türkiyənin Livana yalnız bir icma üzərindən baxmadığını göstərir”.

Tripoli və Akkar niyə xüsusi əhəmiyyət daşıyır?

Yusubzadənin fikrincə, səfərin ən mühüm hissələrindən biri Şimali Livan olub.

Bilal Ərdoğan Tripolidə yerli siyasi və dini dairələr, iş adamları və mühəndislərlə görüşüb, Böyük Mənsuri məscidini və TİKA tərəfindən bərpa edilmiş Mövləvixananı ziyarət edib. Akkarda isə türkman əhalinin yaşadığı Kavaşra və digər yaşayış məntəqələrinə səfər edib.

“Tripoli və Akkar Türkiyə üçün tarixi, dini və sosial əlaqələrin ən güclü olduğu bölgələrdəndir. Akkardakı türkman əhali isə Türkiyənin Livandakı yumşaq gücünün təbii dayaqlarından biridir”.

Ekspert Tripoli limanının geoiqtisadi əhəmiyyətinə də diqqət çəkir.

OECD-nin 2026-cı il hesabatında Beyrut və Tripoli limanlarının gələcəkdə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin – IMEC-in genişləndirilmiş logistika sisteminə qoşulmasının mümkün olduğu qeyd edilir. Livan hökuməti də iyunda IMEC üzrə ilk texniki koordinasiya görüşünü keçirib.

“Tripoli sadəcə Türkiyəyə yaxın sünni şəhər deyil, həm də liman şəhəridir. Suriya limanları ilə birlikdə Şərqi Aralıq dənizində gələcək logistika sistemində əhəmiyyətli rol oynaya bilər. Buna görə Türkiyənin burada iqtisadi mövqeyini gücləndirməsi strateji məsələdir”.

“200 milyard dollarlıq Livan” mesajı

Bilal Ərdoğan Beyrutda keçirilən “Livan-Türkiyə Strateji Liderlik Dialoqu”nda ölkədə sabitlik və inkişaf şəraiti yaranacağı halda Livan iqtisadiyyatının 200 milyard dollarlıq potensiala çata biləcəyini bildirib. Görüşlərdə investisiya, infrastruktur, ticarət və iqtisadi əməkdaşlıq mövzuları geniş müzakirə edilib.

Yusubzadə bunun Türkiyənin Livana yalnız təhlükəsizlik prizmasından yanaşmadığını göstərdiyini düşünür:

“Ankara Livanda siyasi təsirlə yanaşı iqtisadi bazar, infrastruktur və logistika imkanlarını da görür. Türkiyə Suriyada mövqeyini gücləndirdikcə Livanın şimalı ilə Suriya arasında yeni iqtisadi bağlantılar yaratmaq imkanları da artır”.

UNIFIL-dən sonra nə olacaq?

Ekspertin diqqət çəkdiyi digər məsələ Livanın cənubunda UNIFIL-in gələcəyidir.

BMT Təhlükəsizlik Şurasının qərarına əsasən, UNIFIL-in fəaliyyəti 31 dekabr 2026-da başa çatacaq və qüvvələrin mərhələli çıxarılması 2027-ci il ərzində davam edəcək. UNIFIL-dən sonra hansı təhlükəsizlik mexanizminin yaradılacağı barədə yekun qərar isə hələ yoxdur.

Türkiyə uzun illər UNIFIL-ə töhfə verib. Ankara 2025-ci ildə Livandakı Türkiyə hərbi personalının mandatını 2027-ci ilin oktyabrına qədər uzadıb, eyni zamanda Livan ordusunun cənubda yaradılması nəzərdə tutulan “model alay”ının təchizatına dəstək göstərməyi planlaşdırır.

Yusubzadə hesab edir ki, Nəbih Berri və digər məzhəb liderləri ilə görüşlərə bu perspektivdən də baxmaq mümkündür:

“UNIFIL-dən sonra Livanın cənubunda hansı təhlükəsizlik modelinin qurulacağı çox vacibdir. Türkiyə bu prosesdə rol almaq istəyirsə, yalnız sünni dairələrlə razılaşması kifayət deyil. Şiə siyasi sisteminin əsas fiqurları və digər icmalarla da anlaşma lazımdır”.

Bununla belə, Türkiyənin UNIFIL-dən sonra Livanın cənubunda ayrıca hərbi qüvvə yerləşdirmək barədə rəsmi qərarı açıqlanmayıb. Yusubzadənin fikri Ankaranın mövcud hərbi əməkdaşlığı və Livandakı diplomatik fəallığından çıxarılan siyasi ssenaridir.

Dürzi kartı və İsrail-Türkiyə rəqabəti

Yusubzadə Bilal Ərdoğanın Vəlid Canbulatla görüşünü də xüsusi əhəmiyyətli hesab edir.

“Canbulat yalnız Livan siyasətçisi deyil. O, bütün regiondakı druzilər arasında ən tanınmış siyasi simalardan biridir. İsrail, Suriya və İordaniya xəttində dürzi məsələsinin yenidən əhəmiyyət qazandığı bir vaxtda Türkiyənin Canbulatla əlaqələri ayrıca geosiyasi məna daşıyır”.

Onun fikrincə, Ankara ilə Təl-Əviv arasında regional rəqabət birbaşa hərbi qarşıdurmadan daha çox yerli etnik və dini icmalarla əlaqələr, təhlükəsizlik arxitekturası, logistika və siyasi təsir sahələri üzərində formalaşır.

“İsrail müəyyən regional icmalarla əlaqələrini gücləndirirsə, Türkiyə də sünni, şiə və dürzi dairələrlə münasibətlərini genişləndirərək özünə siyasi baryerlər yaradır. Əslində bunun müsbət tərəfi də var: rəqabət birbaşa toqquşmaya yox, yerli tərəflərlə siyasi əlaqələrə yönələrsə, sabitlik üçün əlavə mexanizmlər yarana bilər”.

Novruzəli Yusubzadənin qənaətinə görə, Bilal Ərdoğanın Beyrut–Tripoli–Akkar marşrutu Türkiyənin Livanda yalnız sünni sosial bazaya deyil, bütöv siyasi sistemə, liman-logistika imkanlarına və UNIFIL sonrası təhlükəsizlik arxitekturasına paralel şəkildə daxil olmaq istəyinin göstəricisi kimi oxuna bilər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.