Çinin Hunan əyalətində yaşayan 23 yaşlı gəncin nadir xəstəlik səbəbindən qalınlaşan baş dərisində insan beyninin səthini xatırladan dərin qırışlar və büküşlər əmələ gəlib.
MSNews.az xəbər verir ki, soyadı Li olaraq açıqlanan gəncə “cutis verticis gyrata” diaqnozu qoyulub. Bu nadir xəstəlik zamanı baş dərisi və dərialtı toxumalar qalınlaşaraq beyin qabığının qırışlarına bənzər görünüş alır.
“South China Morning Post” yazır ki, Li baş dərisinin sərtləşməyə başladığını ilk dəfə bir neçə il əvvəl hiss edib. Xəstəlik irəlilədikcə dəri qalınlaşıb, geniş və qeyri-bərabər büküşlər yaranıb. O, 14 yaşına çatanda xəstəlik başının tüklü hissəsinin təxminən yarısını əhatə edib.
Xarici görünüşündəki dəyişiklik gəncdə ciddi psixoloji narahatlıq və özünəinam problemi yaradıb. Li əvvəlcə yerli xəstəxanaya müraciət edib və burada sağlam dərini genişləndirmək məqsədilə cərrahi prosedur həyata keçirilib. Lakin müdaxilə uğursuz olub və baş dərisində geniş çapıqlar qalıb.
Sonrakı illərdə o, bir neçə başqa xəstəxanaya müraciət etsə də, həkimlər sağlam dəri sahəsinin azlığı və əvvəlki əməliyyatın yaratdığı çapıqlar səbəbindən növbəti müdaxilənin riskli olduğunu bildirərək əməliyyatdan imtina ediblər.
Li daha sonra Uhan Universitetinin Çjunnan Xəstəxanasının plastik cərrahiyyə şöbəsinə müraciət edib. Həkimlər onun üçün iki mərhələli və 11 ay davam edən rekonstruktiv müalicə planı hazırlayıblar.
Əvvəlcə baş dərisinin iki sağlam hissəsinin altına toxuma genişləndiriciləri yerləşdirilib. Sonrakı aylarda bu qurğulara mərhələli şəkildə maye vurularaq sağlam dərinin tədricən genişlənməsi təmin edilib. Kifayət qədər sağlam toxuma əldə olunduqdan sonra həkimlər üç saat davam edən əməliyyatla qalınlaşmış dəri sahələrini götürərək baş dərisini bərpa ediblər.
“NDTV” əməliyyatın uğurla başa çatdığını, gəncin baş dərisinin hazırda normal görünüş aldığını və həmin sahələrdə saçların yenidən təbii şəkildə uzandığını bildirib.
“Cutis verticis gyrata” xəstəliyi birincili və ya başqa xəstəliklərin nəticəsi olan ikincili formada yarana bilər. Birincili hallarda dəqiq səbəb çox vaxt müəyyən edilmir. Tibbi araşdırmalara görə, xəstəlik daha çox kişilərdə və yetkinlik dövründən sonra müşahidə olunur. Müalicə üsulu xəstəliyin ağırlığından asılıdır və irəliləmiş hallarda artıq toxumanın cərrahi yolla götürülməsi əsas seçimlərdən biri hesab edilir.