Çində “Niu Lai” fenomeni: pis rəylər filmi kassada hitə çevirdi

Çinin “Niu Lai” animasiya filmi ilk 10 gündə cəmi 7711 yuan qazansa da, internetdə tənqid və memlərin yayılmasından sonra kassada gözlənilməz yüksəlişə nail olub. Avqustun 17-də gəliri artıq 13,5 milyon yuanı keçib.

70

Çində istehsal olunan “Niu Lai” (牛来) adlı animasiya filmi zəif qrafikası və qeyri-adi süjetinə görə sosial şəbəkələrdə kütləvi tənqid hədəfinə çevrildikdən sonra gözlənilmədən kassa fenomeninə çevrilib.

MSNews.az xəbər verir ki, “The Beijing News” “Maoyan Professional” platformasının məlumatlarına istinadən filmin kinoteatrlarda ilk 10 gün ərzində cəmi 7711 yuan — təxminən 1944 manat gəlir əldə etdiyini və bu müddətdə onu cəmi 278 nəfərin izlədiyini yazıb. Filmin sadə 3D modelləri və texniki qüsurları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildikdən sonra vəziyyət tamamilə dəyişib.

Filmdən kadrların və ironik rəylərin internetdə sürətlə yayılması “Niu Lai”ni yerli memə çevirib. Bir çox tamaşaçı filmi keyfiyyətinə görə deyil, sosial şəbəkələrdə müzakirə olunan “nə qədər pis olduğunu öz gözləri ilə görmək” üçün izləməyə başlayıb. “First Financial” yazır ki, avqustun 17-si saat 11:13-ə filmin ümumi gəliri artıq 10 milyon yuanı, tamaşaçı sayı isə 363 mini keçmişdi.

Artım gün ərzində də davam edib. “Maoyan Professional” məlumatlarına istinad edən “Dot Dot News” avqustun 17-si saat 18:05 radələrində filmin kassasının 13,5 milyon yuanı — təxminən 3,4 milyon manatı keçdiyini bildirib. Beləliklə, ilkin məlumatlarda göstərilən 4,35 milyon yuan göstəricisi artıq aktual deyil.

Filmin populyarlığı kinoteatrlarda da qeyri-adi vəziyyət yaradıb. Şansinin Tayyuan şəhərindəki Huanxing Cinema” filmi izləyən tamaşaçılara nümayişin ilk 10 dəqiqəsində narazı qaldıqları halda bileti geri qaytarmağa icazə verib. Kinoteatr əməkdaşları isə sonradan bildiriblər ki, tamaşaçıların əksəriyyəti filmin reputasiyasını əvvəlcədən bildiyi üçün faktiki olaraq geri ödəniş tələb edən olmayıb. Bu siyasət bütün Çin kinoteatrlarına deyil, konkret kinoteatra aid olub.

“Niu Lai” avqustun 5-də nümayişə çıxıb. Filmin internetdə “həddindən artıq pis olduğu üçün baxılmalı film” kimi təqdim olunması onun reklam kampaniyasından daha güclü effekt yaradıb və kinoteatrların əlavə seanslar açmasına səbəb olub. “China News Service” filmin ilkin günlərdə demək olar ki, sıfıra yaxın nümayiş payına malik olduğunu, viral müzakirələrdən sonra isə seansların sürətlə artdığını qeyd edir.

Eyni zamanda, filmin avqustun 17-dən bütün ölkədə nümayişdən çıxarılacağı barədə sosial şəbəkələrdə yayılan məlumat təsdiqlənməyib. “Phoenix Entertainment” müxtəlif şəhərlərdəki kinoteatrların belə bir ümummilli göstəriş almadığını və filmin bir sıra şəhərlərdə nümayişinin davam etdiyini bildirib.