ABŞ-ın məşhur milyarderi, 96 yaşlı investor Uorren Baffetin 48 il ərzində adi su içmədiyi və onun əvəzinə albalılı Coca-Cola-ya üstünlük verdiyi iddia olunur. Baffetin qeyri-adi qidalanma vərdişləri yenidən dünya mediasının diqqətini çəkib.
MSNews.az xəbər verir ki, bu barədə milyarder investor Bill Akman oktyabrın 28-də yayımlanan “Equity Mates Investing” podkastında danışıb.
Məlumatı “Business Insider” nəşri yayıb.
Akmanın sözlərinə görə, illər əvvəl Baffeti evində şam yeməyinə dəvət edərkən ona adi və qazlı su təklif edib. Lakin milyarder hər iki təklifi rədd edərək albalılı Coca-Cola istəyib.
“Ondan su içib-içmədiyini soruşdum. Mənə dedi ki, Bill, 48 ildir su içməmişəm”, – deyə Akman həmin söhbəti xatırladıb.
Baffetin qazlı içkilərə sevgisi əvvəldən məlumdur. O, 2015-ci ildə “Fortune” jurnalına müsahibəsində gündə ən azı beş banka Coca-Cola içdiyini və gündəlik kalori qəbulunun təxminən dörddə birini bu içkidən aldığını bildirmişdi.
Milyarder həmçinin “McDonald’s”da səhər yeməyi yeməyi, burger, hot-doq, kartof qızartması, şirniyyat və dondurmanı sevməsi ilə tanınır.
Bununla belə, Baffetin 48 il ərzində həqiqətən su içmədiyi müstəqil şəkildə təsdiqlənməyib. Bu məlumat Akmanın illər əvvəl baş vermiş söhbətlə bağlı xatirəsinə əsaslanır.