Lukaşenko: “Belarusda siyasi məhbus yoxdur”

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ xüsusi nümayəndəsi Con Koul ilə görüşdə ölkədə siyasi məhbusların olmadığını bildirib. BMT ekspertləri və hüquq müdafiəçiləri isə fərqli qiymətləndirmə ortaya qoyurlar.

40

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə siyasi məhbusların olmadığını bəyan edərək, bu anlayışın Belarus qanunvericiliyində ayrıca hüquqi kateqoriya kimi nəzərdə tutulmadığını bildirib.

MSNews.az xəbər verir ki, Lukaşenko bu fikirləri sentyabrın 15-də Minskdə ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul ilə görüşü zamanı səsləndirib. Belarus prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, danışıqların mövzularından biri məhbusların azad edilməsi olub.

“Belarusda heç bir siyasi məhbus yoxdur, çünki qanunvericiliyimizdə belə bir maddə mövcud deyil”, – Lukaşenko deyib.

O bildirib ki, siyasi məhbus adlandırılan şəxslər Belarus qanunvericiliyinə əsasən istintaq altında olan və ya cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdir. Lukaşenko azad edilənlərin yerinə daha çox insanın həbs olunması barədə iddiaları da rədd edərək bunu “tamamilə yalan” adlandırıb.

Lukaşenkonun mövqeyi beynəlxalq hüquq müdafiə təşkilatlarının və BMT ekspertlərinin qiymətləndirmələri ilə ziddiyyət təşkil edir. “Reuters” yazır ki, BMT-nin Belarus üzrə Müstəqil Ekspertlər Qrupu sentyabrın 15-də açıqladığı hesabatda ölkənin polis, təhlükəsizlik orqanları, prokurorluq, məhkəmələr və penitensiar sisteminin 2020-ci ildən etibarən hökumətin real və ya ehtimal edilən opponentlərini susdurmaq üçün sistemli şəkildə istifadə edildiyini bildirib. Belarus hakimiyyəti daha əvvəl bu cür ittihamları rədd edib.

Belarusun “Viasna” İnsan Hüquqları Mərkəzi isə ölkədə 880-dən çox şəxsi siyasi məhbus kimi tanıyır. Təşkilat sentyabrın 15-də daha 11 nəfərin bu siyahıya daxil edildiyini açıqlayıb.

Məsələ Minsk və Vaşinqton arasında son aylarda aparılan danışıqlar fonunda yenidən aktuallaşıb. “Reuters” sentyabrın 16-da Belarusun ABŞ-la əldə olunan razılaşmadan sonra daha 25 məhbusu azad etdiyini bildirib. ABŞ nümayəndəsi Con Koul qarşıdakı həftələrdə yüzlərlə əlavə məhbusun azad edilə biləcəyinə ümid etdiyini deyib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.