Litva hakimiyyəti mümkün hərbi təhlükə və fövqəladə vəziyyət zamanı paytaxt Vilnüs sakinlərinin təxliyəsi üçün plan hazırlayıb. Sənədə əsasən, əhalinin təhlükəsiz ərazilərə köçürülməsi üçün üç əsas istiqamət müəyyənləşdirilib. Marşrutlardan biri Polşa sərhədinə aparır.
MSNews.az xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb. Bildirilib ki, Vilnüs sakinlərinin təxliyəsi üçün Polşa sərhədi, ölkənin şimalındakı Panevejis və Şaulyay şəhərləri, eləcə də qərbdə yerləşən Kaunas və Klaypeda istiqamətləri nəzərdə tutulub.
Plana əsasən, şəxsi avtomobili olan sakinlər əvvəlcədən müəyyənləşdirilmiş marşrutlarla şəhəri tərk edə biləcəklər. Öz imkanları ilə təxliyə oluna bilməyən şəxslərin nəqliyyatla təmin edilməsi isə yerli bələdiyyələrin üzərinə düşəcək. Təxliyənin ardıcıllığı və istiqaməti təhlükənin xarakterindən və miqyasından asılı olaraq müəyyən ediləcək.
Litva hakimiyyəti təxliyənin birbaşa təhlükə yaranmazdan əvvəl həyata keçirilməsinin vacibliyini vurğulayır. Şəhərin atəşə tutulması zamanı sakinlərə yola çıxmaq əvəzinə təhlükəsiz sığınacaqlarda qalmaq tövsiyə olunur.
Polşa da mümkün kütləvi təxliyəyə hazırlıq görür. Ölkənin Podlyaskiye voyevodalığının Baltikyanı dövlətlərdən gələn sakinlər üçün tranzit dəhlizi kimi istifadə edilməsi planlaşdırılır. Polşa hakimiyyəti Litva və Latviya nümayəndələri ilə sərhədlərarası təxliyə, insanların qəbulu və müvəqqəti yerləşdirilməsi məsələlərini müzakirə edib.
Qeyd edək ki, Litva Daxili İşlər Nazirliyi 2026-cı ilin iyulunda hərbi və mülki xarakterli təhlükələr zamanı əhalinin köçürülməsini tənzimləyən ümummilli təxliyə planını təsdiqləyib. Sənəd dövlət qurumları və bələdiyyələr arasında koordinasiyanı, nəqliyyatın təşkilini və vətəndaşların təhlükəsiz ərazilərdə yerləşdirilməsini nəzərdə tutur.