Haaqadakı Kosovo üzrə Xüsusi Palataların KLA-nın dörd keçmiş yüksək vəzifəli rəhbərini hərbi cinayətlərdə təqsirli bilməsindən sonra Priştinada vəziyyət gərginləşib. Minlərlə insan hökmü izləmək üçün şəhər mərkəzinə toplaşıb, daha sonra etirazçıların bir hissəsi Avropa İttifaqının EULEX missiyasının qərargahına doğru yürüş edib.
MSNews.az xəbər verir ki, sentyabrın 16-da çıxarılan birinci instansiya hökmünə əsasən, Kosovonun keçmiş prezidenti Haşim Taçi və Yakup Krasniçi 25 il, Kadri Veseli 18 il, Rexhep Selimi isə 13 il azadlıqdan məhrum ediliblər. Məhkəmə onları qanunsuz həbs, qəddar rəftar, işgəncə və qətl kimi hərbi cinayətlərdə təqsirli bilib. Eyni zamanda dörd şəxs insanlıq əleyhinə cinayətlər üzrə altı ittihamdan bəraət alıb. Hökm yekun deyil və apellyasiya şikayəti verilə bilər.
“Associated Press” bildirir ki, məhkəmə ən azı 385 nəfərin qanunsuz saxlanıldığını, 303 nəfərin işgəncəyə məruz qaldığını və 96 nəfərin öldürüldüyünü müəyyən edib. Məhkəmə sədri prosesin KLA-nın müstəqillik uğrunda mübarizəsinə deyil, konkret şəxslərin cinayət məsuliyyətinə aid olduğunu vurğulayıb.
Hökm açıqlanandan sonra Priştinanın mərkəzində toplaşan minlərlə insanın əksəriyyəti ərazini tərk etsə də, bir qrup etirazçı EULEX qərargahına üz tutub. “Euronews” yazır ki, aksiya iştirakçıları polis səddi ilə qarşılaşıb, binaya daş atılıb və hüquq-mühafizə qüvvələri ilə qarşıdurma yaşanıb.
Digər məlumatlara görə, EULEX binasına daş, butulka, səki daşları və pirotexniki vasitələr atılıb. Bəzi etirazçılar hasarı aşaraq həyətə daxil olmağa çalışsalar da, polis bunun qarşısını alıb.
Kosovonun baş naziri Albin Kurti hökmü “qəbuledilməz ədalətsizlik” adlandırıb və qərarın apellyasiya mərhələsində dəyişdirilməli olduğunu bildirib. O, hökumətin məhkum edilmiş keçmiş KLA rəhbərlərinə hüquqi proses müddətində dəstəyini davam etdirəcəyini açıqlayıb.
Taçi və digər üç keçmiş KLA rəhbəri ittihamları proses boyu rədd ediblər. Onların müdafiə komandalarının hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir.