Ukrayna Prezidenti Volodimir Zelenski səkkiz Avropa ölkəsini birləşdirən C8 – “Karpat səkkizliyi” adlı yeni regional əməkdaşlıq formatının yaradıldığını elan edib. Təsis sammiti sentyabrın 18-də Ukraynanın İvano-Frankivsk vilayətində başlayıb.
MSNews.az xəbər verir ki, yeni təşəbbüs Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstanı bir araya gətirir.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Zelenski sammitdə çıxışı zamanı bildirib ki, yeni format region ölkələri arasında təhlükəsizlik, energetika, logistika, sərhədyanı iqtisadi əməkdaşlıq və yerli icmalara dəstək sahələrində əlaqələrin genişləndirilməsinə xidmət edəcək.
Sammitdə Rumıniya Prezidenti Nikuşor Dan, Serbiya Prezidenti Aleksandar Vuçiç və Polşanın Baş naziri Donald Tusk iştirak ediblər. Avstriya, Çexiya və Slovakiya yüksəkvəzifəli nümayəndələrlə təmsil olunub. Macarıstan nümayəndələrinin isə tədbirin iqtisadi hissəsinə qoşulacağı açıqlanıb.
Görüş çərçivəsində regionun nəqliyyat və enerji infrastrukturunun inkişafı, sərhədlərarası ticarətin genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunur.
“Reuters” agentliyinin məlumatına görə, sammit çərçivəsində ümumi dəyəri 1 milyard avronu ötən 50-dən çox saziş imzalanıb. Razılaşmaların yarıdan çoxu günəş və külək enerjisi kimi bərpaolunan enerji mənbələrinin inkişafına yönəlib.
Ukrayna hökumətinin açıqlamasına əsasən, C8 çərçivəsində səkkiz ölkənin ümumi dəyəri təxminən 40 milyard avro olan 100-ə yaxın biznes layihəsinin təqdim edilməsi nəzərdə tutulur.
Sentyabrın 18–20-də keçirilən sammitdə Avropa İttifaqının nümayəndələri, biznes və investisiya dairələri də iştirak edirlər. Yeni əməkdaşlıq formatının Karpat regionunda təhlükəsizlik və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.