Karib ölkələri köləliyə görə Britaniyanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır

Karib hövzəsi ölkələri köləlik dövründə törədilmiş tarixi haqsızlıqlara görə Böyük Britaniyadan təzminat tələb etmək üçün beynəlxalq məhkəməyə müraciət imkanlarını araşdırırlar.

33

Karib hövzəsi ölkələri Böyük Britaniyanı köləlik dövründə törədilmiş tarixi haqsızlıqlara görə təzminat ödəməyə məcbur etmək məqsədilə beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşırlar. Hüquqşünaslar Londonun irqi ayrı-seçkiliklə bağlı beynəlxalq öhdəliklərini pozduğu iddiası əsasında məhkəmə iddiası qaldırmaq imkanlarını araşdırırlar.

MSNews.az xəbər verir ki, bu barədə “The Telegraph”  nəşri məlumat yayıb.

Bildirilir ki, Barbadosun Baş naziri Mia Mottlinin ev sahibliyi etdiyi regional konfransda köləliyə görə təzminatın alınması istiqamətində hüquqi və diplomatik mexanizmlər müzakirə olunur. Sentyabrın 17–19-da keçirilən tədbirdə Karib hövzəsi ölkələrinin nümayəndələri və hüquq ekspertləri iştirak edirlər.

Mottli köləliyin nəticələrinin aradan qaldırılması üçün yalnız siyasi çağırışlarla kifayətlənməməyin vacibliyini vurğulayıb. O, tarixi haqsızlıqların Barbados iqtisadiyyatına vurduğu zərərin hesablanması və mümkün təzminat tələblərinin əsaslandırılması üçün tarixçi və iqtisadçılardan ibarət xüsusi komitə yaradılacağını açıqlayıb.

Mümkün məhkəmə iddiasının BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyasına əsaslandırılması nəzərdən keçirilir. Karib ölkələrinin hüquq ekspertləri köləliyin iqtisadi gerilik, sosial bərabərsizlik və irqi ayrı-seçkilik şəklində davam edən nəticələrinin Britaniya üçün hüquqi məsuliyyət yaratdığını irəli sürə bilərlər.

Bu yanaşma əsasında işin BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılması ehtimalı araşdırılır. Lakin hələlik belə bir iddianın rəsmən qaldırıldığı barədə məlumat yoxdur.

Təzminat tələbləri yalnız birbaşa pul ödənişləri ilə məhdudlaşmır. Karib ölkələri inkişaf proqramlarının maliyyələşdirilməsi, səhiyyə və təhsil sahələrinə dəstək, eləcə də köləliyin uzunmüddətli sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasını nəzərdə tutan tədbirləri müzakirə edirlər.

Mottli təzminatın bir neçə nəsli əhatə edən mərhələli ödənişlər və dəstək proqramları şəklində həyata keçirilə biləcəyini bildirib.

Böyük Britaniya hökuməti isə köləliyə görə təzminat ödəmək niyyətində olmadığını bəyan edib. Sentyabrın 8-də hökumət sözçüsü Londonun keçmişdə baş vermiş haqsızlıqları qəbul etdiyini, lakin maliyyə təzminatı ödəməyəcəyini açıqlayıb.

Karib ölkələrinin təzminat məsələsini noyabrda Antiqua və Barbudada keçiriləcək Millətlər Birliyi ölkələrinin dövlət və hökumət başçılarının sammitində də gündəmə gətirməyi planlaşdırdıqları bildirilir. Bu barədə “The Guardian”  məlumat yayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.