“İstəklilər Koalisiyası”na daxil olan ölkələr Ukrayna ilə bağlı yaydıqları birgə bəyanatda BMT qətnamələrinə uyğun, ədalətli və davamlı sülhün təmin olunmasına sadiq olduqlarını bir daha təsdiqləyib və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin əsas detallarını açıqlayıblar.
Parisdə Yelisey Sarayında keçirilən “İstəklilər Koalisiyası” Zirvəsindən sonra yayımlanan bəyanatda Avropa tərəfdaşları, ABŞ və Ukrayna arasında aparılan danışıqlarda əldə olunan irəliləyişdən məmnunluq ifadə olunub, Ukraynanın özünümüdafiə qabiliyyətinin həm ölkənin gələcək təhlükəsizliyi, həm də Avroatlantik kollektiv təhlükəsizlik üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb. Sənəddə Ukraynanın daimi suverenliyi və təhlükəsizlik zəmanətlərinin imzalanacaq istənilən sülh sazişinin ayrılmaz tərkib hissəsi olmalı olduğu xüsusi qeyd edilib.
Bəyanatda “İstəklilər Koalisiyası”nın atəşkəs əldə edildikdən sonra qüvvəyə minəcək siyasi və hüquqi zəmanətləri təmin etməyə hazır olduğu bildirilib, bu zəmanətlər çərçivəsində ABŞ liderliyində yaradılacaq atəşkəsin monitorinqi və təsdiqi mexanizminə iştirakın nəzərdə tutulduğu qeyd olunub. Həmçinin atəşkəs pozuntularını araşdırmaq üçün yaradılacaq Xüsusi Komissiyada Koalisiyanın təmsil olunacağı açıqlanıb.
Təhlükəsizlik zəmanətləri çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdiriləcəyi vurğulanaraq, ölkənin uzunmüddətli hərbi yardımla təmin edilməsi və müdafiə qabiliyyətinin qorunması üçün zəruri silahların verilməsinə dair qərar qəbul edildiyi bildirilib.
Sənəddə Ukraynaya göstəriləcək dəstəyin uzunmüddətli müdafiə paketlərini, silah alışı üçün maliyyə dəstəyini, Ukraynanın silahlı qüvvələrini maliyyələşdirən milli büdcə ilə bağlı əməkdaşlığı, silahlı hücum halında sürətli əlavə yardım göstərəcək müdafiə anbarlarına çıxışı və müdafiə istehkamlarının tikintisində texniki yardımı əhatə etdiyi, lakin bununla məhdudlaşmadığı qeyd olunub. Eyni zamanda, Koalisiyaya üzv ölkələrin töhfələri ilə Ukrayna Silahlı Qüvvələrinin yenidən qurulması və çəkindiricilik qabiliyyətinin gücləndirilməsi məqsədilə çoxmillətli qüvvənin yaradıldığı bildirilib.
Bəyanatda hava, dəniz və quruda Ukraynaya veriləcək təhlükəsizlik tədbirləri və Ukrayna Silahlı Qüvvələrinin yenidən formalaşdırılmasına hazırlıq üçün əlaqələndirilmiş hərbi planlamanın aparıldığı vurğulanıb, bu prosesin Avropa liderliyində, Koalisiyanın Avropadan kənar üzvlərinin iştirakı və ABŞ-ın dəstək təklifləri ilə həyata keçiriləcəyi qeyd edilib. Təhlükəsizlik zəmanətlərinin Rusiyanın mümkün yeni hücumu halında Ukraynaya dəstək üçün məcburi öhdəlikləri də əhatə etdiyi bildirilərək, bu öhdəliklərin hərbi imkanlar, kəşfiyyat və logistika sahəsində yardım, diplomatik təşəbbüslər və əlavə sanksiyaların qəbulunu nəzərdə tutduğu açıqlanıb. Sənəddə həmçinin Ukrayna ilə uzunmüddətli müdafiə əməkdaşlığının gücləndirilməsi, hərbi təlimlər və müdafiə sənayesi sahəsində birgə istehsal daxil olmaqla əməkdaşlığın artırılması barədə razılıq əldə edildiyi vurğulanıb və ABŞ, Ukrayna və Koalisiya arasında Parisdə koordinasiya mərkəzinin yaradılmasına qərar verildiyi bildirilib.
Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında Ukraynada atəşkəs əldə edildikdən sonra Fransa ordusunun Rusiya–Ukrayna sərhədində nəzarət əməliyyatlarında iştirak edə biləcəyini bildirib. Makron Ukrayna ordusunun yenilənməsinə töhfə verəcəklərini qeyd edərək, müharibə başa çatdıqdan sonra sülhün qorunması məqsədilə Ukraynada minlərlə fransız əsgərinin yerləşdirilməsinin mümkün olduğunu açıqlayıb, konkret olaraq hansı ərazilərdə yerləşdiriləcəyi ilə bağlı detallı məlumat verməsə də, Kiyev hakimiyyəti, “İstəklilər Koalisiyası” və ABŞ-ın Ukrayna ilə Rusiya arasındakı sərhəd xəttinin pozulub-pozulmadığını birgə araşdıracağını bildirib.