İsrailin Somalilendi tanımasından sonra xarici işlər naziri Gideon Saarın bölgəyə səfəri Somali hökumətinin ciddi etirazına səbəb olub. Mogadişu bu addımı ölkənin suverenliyinə və ərazi bütövlüyünə açıq təhdid kimi qiymətləndirir.
İsrailin xarici işlər naziri Gideon Saar Tel-Əvivin ötən ay “müstəqil dövlət” kimi tanıdığı Somalilend bölgəsinə rəsmi səfər edib. Yerli mətbuatda yayılan məlumatlara görə, bu səfər İsrailin tanıma qərarından sonra həyata keçirilib və Saar Somalilendi ziyarət edən ilk israilli rəsmi şəxs olub.
Səfər çərçivəsində Saarın, Somali dövlətindən 1991-ci ildə tək tərəfli müstəqillik elan etmiş Somalilend bölgəsinin prezidenti Abdirahman Mohamed Abdillahi ilə görüşəcəyi bildirilib. Tərəflərin görüşdən sonra birgə mətbuat konfransı keçirməsi də gözlənilir. İsrail Xarici İşlər Nazirliyi isə səfərlə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu 26 dekabr tarixində Somalilend bölgəsini “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını açıqlamışdı. Bu qərarla İsrail, Somalilendi rəsmi şəkildə tanıyan yeganə ölkə olub.
Somalilend 1991-ci ildə Somali dövlətindən ayrıldığını elan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Somali hökuməti isə bölgəni ölkənin ayrılmaz hissəsi hesab edir və Somalilendlə bağlı bütün beynəlxalq məsələlərin yalnız Moqadişu rəhbərliyinin səlahiyyətində olduğunu vurğulayır.
Somali Federal Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi İsrail XİN rəhbərinin Somalilend səfərinə sərt reaksiya verib.
Nazirliyin yaydığı yazılı açıqlamada bildirilib ki, Gideon Saarın Somalilend bölgəsinə səfəri Somalinin suverenliyinə, ərazi bütövlüyünə və siyasi birliyinə qarşı ciddi pozuntu təşkil edir. Açıqlamada vurğulanıb ki, Somalilend Somali Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin ayrılmaz və devredilməz hissəsidir.
Somali tərəfi qeyd edib ki, ölkənin açıq razılığı və rəsmi icazəsi olmadan Somali ərazisində həyata keçirilən istənilən rəsmi təmas, fəaliyyət və ya diplomatik əlaqə qanunsuz, etibarsız və hüquqi qüvvədən məhrumdur.
Açıqlamada İsrailin addımlarının BMT Nizamnaməsinə, Afrika Birliyinin Təsis Aktına və beynəlxalq münasibətləri tənzimləyən əsas hüquqi prinsiplərə zidd olduğu vurğulanıb. Somali hökuməti bu addımı suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinin pozulması kimi qiymətləndirib.
Moqadişu İsraili, Somalinin birliyi və ərazi bütövlüyünə xələl gətirən bütün hərəkətləri dərhal dayandırmağa və beynəlxalq hüquq qarşısında öhdəliklərinə hörmət etməyə çağırıb.
Bununla yanaşı, Somali hökuməti BMT, Afrika Birliyi, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və beynəlxalq tərəfdaşlara müraciət edərək, Somalinin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəklərini açıq və qəti şəkildə yenidən təsdiqləməyə çağırıb.