İspaniya millisi DÇ-2026-nın 1/4 final mərhələsində Belçikanı məğlub edərək yarımfinala yüksəlib.
MSNews.az xəbər verir ki, Los-Ancelesdəki “SoFi Stadium”da keçirilən qarşılaşma İspaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Luis de la Fuentenin komandası bu nəticə ilə mundialın yarımfinalında Fransa ilə qarşılaşacaq.
Oyunda hesab 30-cu dəqiqədə açılıb. Fabian Ruiz İspaniyanı önə keçirib. Belçika isə fasiləyə az qalmış cavab verib: 41-ci dəqiqədə Şarl De Ketelaere fərqlənərək hesabı bərabərləşdirib.
Matçın taleyini son dəqiqələrdə Mikel Merino həll edib. 88-ci dəqiqədə Belçikanın ehtiyat qapıçısı Senne Lammens Pau Kubarsinin zərbəsini tam saxlaya bilməyib və Merino yaranan imkandan istifadə edərək topu qapıya göndərib.
Bu qol Merino üçün mundialın pley-off mərhələsində növbəti həlledici zərbə olub. O, daha əvvəl 1/8 finalda Portuqaliyaya qarşı da son dəqiqələrdə qələbə qolunu vurmuşdu. Agentliyin məlumatına görə, Merino Dünya Çempionatı tarixində iki ayrı pley-off matçında ehtiyatdan meydana çıxaraq qələbə qolu vuran ilk futbolçu olub.
Belçika üçün görüş ağır zədə problemi ilə də yadda qalıb. Tibo Kurtua ikinci hissədə zədə səbəbindən oyunu davam etdirə bilməyib və göz yaşları içində meydanı tərk edib. Onu əvəz edən Lammensin səhvi isə sonda Belçikanın turnirlə vidalaşmasına səbəb olan epizoda çevrilib.
Belçika kapitanı Yuri Tilemans da isinmə hərəkətləri zamanı zədələnərək start heyətindən çıxarılıb. Daha əvvəl Amadu Onananın da ABŞ-la oyunda aldığı zədə səbəbindən mundialı başa vurduğu bildirilmişdi.
İspaniya isə 2010-cu ildə dünya çempionu olduqdan sonra ilk dəfə mundialın yarımfinalına yüksəlib. Komanda iyulun 14-də Fransa ilə final uğrunda mübarizə aparacaq.
Beləliklə, DÇ-2026-da ilk yarımfinal cütü rəsmiləşib: Fransa — İspaniya. Digər yarımfinalçılar Norveç — İngiltərə və Argentina — İsveçrə matçlarından sonra bəlli olacaq.