İspaniya və Argentina milliləri 2026-cı il futbol üzrə dünya çempionatının finalında üz-üzə gələcək. Futbol nəhənglərinin son qarşılaşması isə gözlənilməz 6:1 hesablı nəticə ilə yadda qalıb.
MSNews.az xəbər verir ki, komandalar sonuncu dəfə 2018-ci il martın 27-də Madriddə keçirilən yoldaşlıq görüşündə qarşılaşıblar. Xulen Lopeteqinin rəhbərlik etdiyi İspaniya millisi Argentina üzərində 6:1 hesablı qələbə qazanıb.
İspaniya millisinin heyətində İsko 27-ci, 52-ci və 74-cü dəqiqələrdə fərqlənərək het-trik edib. Digər qolları Dieqo Kosta, Tiaqo Alkantara və Yaqo Aspas vurublar. Argentinanın yeganə qoluna isə Nikolas Otamendi imza atıb. Lionel Messi əzələ nahiyəsindəki problemə görə həmin qarşılaşmada meydana çıxmayıb.
Həmin oyunda Argentina millisinin formasını geyinmiş Otamendi, Nikolas Talyafiko, Covani Lo Çelso və Lautaro Martines 2026-cı il dünya çempionatı üçün də heyətə daxil ediliblər. Otamendi, Talyafiko və Lo Çelso qarşılaşmaya start heyətində başlayıb, Lautaro isə ikinci hissədə meydana çıxıb.
İspaniyanın 2018-ci ildəki heyətindən hazırkı dünya çempionatı komandasına yalnız Rodri daxil edilib. Yarımmüdafiəçi Argentina ilə 6:1 hesabı ilə başa çatan görüşdə ehtiyat oyunçular skamyasında olsa da, meydana çıxmayıb.
İspaniya 2018-ci ildəki böyük qələbədən bir neçə ay sonra Rusiyada keçirilən dünya çempionatının 1/8 finalında meydan sahiblərinə penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb, Rusiya penaltilərdə 4:3 hesablı qələbə qazanıb.
İspaniya ilə Argentina arasında indiyədək yalnız bir rəsmi turnir oyunu keçirilib. Komandalar 1966-cı il dünya çempionatının qrup mərhələsində qarşılaşıblar və Argentina Luis Artimenin dublu sayəsində 2:1 hesabı ilə qalib gəlib. İspaniyanın qolunu Pirri vurub. Beləliklə, 2026-cı il dünya çempionatının finalı bu yığmalar arasında tarixdə ikinci rəsmi qarşılaşma olacaq.