İranın yunan milyarderə məxsus tankeri ələ keçirdi

Hörmüz boğazında iki mərmi ilə vurulan “Kavomaleas” tankerinin daha sonra İran sularına aparıldığı bildirilir. Gəminin operatoru “Dynacom” yedəkləməyə icazə vermədiyini və tankerinin yerini müəyyənləşdirməyə çalışdığını açıqlayıb.

10

İranın Hörmüz boğazında hücuma məruz qalan və yunan gəmiçilik maqnatı Corc Prokopiuya məxsus “Kavomaleas” tankerini ələ keçirdiyi ehtimal olunur.

MSNews.az xəbər verir ki, “Financial Times” peyk görüntülərinə əsasən tankerin hücumdan sonra İran ərazi sularına yedəkləndiyini yazıb. İyulun 21-də çəkilmiş görüntülərdə ölçüləri “Kavomaleas”la uyğun gələn gəminin İranın Larak adası yaxınlığında olduğu, ətrafında tüstü və suyun üzərində mümkün neft ləkəsinin göründüyü bildirilir.

Malta bayrağı altında üzən tanker iyulun 19-na keçən gecə Oman sahilləri yaxınlığında, Fars körfəzi istiqamətində hərəkət edərkən iki mərmi ilə vurulub. Zərbələr nəticəsində gəminin mühərrik bölməsində yanğın başlayıb.

Gəminin operatoru “Dynacom” kapitanın yanğınsöndürmə sistemini işə saldıqdan sonra heyətin təxliyəsinə qərar verdiyini açıqlayıb. Bütün ekipaj üzvləri Oman hakimiyyəti tərəfindən təhlükəsiz şəkildə tapılaraq sahilə çıxarılıb.

“Dynacom” tankerinin yedəklənməsi və ya başqa yerə aparılması ilə bağlı heç bir əməliyyata razılıq vermədiyini bildirib. Şirkət gəminin hazırkı yerini və hüquqi statusunu dəqiqləşdirmək üçün regional qurumlarla əlaqə saxladığını açıqlayıb.

“Kavomaleas”ın hücum zamanı neft daşıdığı barədə məlumat doğru deyil. “Financial Times”ın məlumatına görə, gəmi 500 min barreldən çox neft yükləmək üçün Fars körfəzinə daxil olmağa hazırlaşırdı.

228 metr uzunluğundakı “Kavomaleas” 2025-ci ildə inşa olunub və təxminən 75 min ton dedveytə malik neft məhsulları tankeridir.

Eyni gecə “Dynacom”un idarə etdiyi digər tanker — “Acheloos” da Hörmüz boğazında hücuma məruz qalıb. Hadisələr ABŞ–İran qarşıdurması fonunda boğazdan keçən kommersiya gəmilərinə təhlükənin artdığı dövrə təsadüf edir. Son günlər boğazdan keçən yük gəmilərinin sayı kəskin azalıb.

İran hakimiyyəti “Kavomaleas”ın rəsmi şəkildə ələ keçirildiyini hələ açıqlamayıb.