İran və Ermənistan Culfada “yaşıl dəhliz”lə bağlı görüşdü

İran və Ermənistan gömrük xidmətlərinin rəhbərləri Culfa şəhərində görüşərək Norduz–Meğri sərhəd-keçid məntəqəsində “yaşıl dəhliz”in yaradılması barədə memorandum imzalayıblar.

52

İran və Ermənistan gömrük xidmətlərinin rəhbərləri sərhəddən yükdaşımaların sürətləndirilməsi məqsədilə Norduz–Meğri keçidində sadələşdirilmiş “yaşıl dəhliz”in yaradılması barədə anlaşma memorandumu imzalayıblar.

MSNews.az xəbər verir ki, görüş sentyabrın 12-də İranın Culfa şəhərində keçirilib. Ermənistan tərəfini Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan, İranı isə iqtisadiyyat və maliyyə nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Forud Əsgəri təmsil edib. Ermənistanın İrandakı səfirliyinə istinad edən “Armenia Today” görüşün və memorandumun imzalanmasını təsdiqləyib.

İranın “Tasnim” agentliyinin məlumatına görə, “yaşıl dəhliz” Norduz–Meğri sərhədində gömrük prosedurlarını sadələşdirmək, yüklərin gözləmə müddətini azaltmaq və yük avtomobillərinin keçidini sürətləndirmək məqsədi daşıyır. Dəhlizin praktiki fəaliyyət mexanizmləri tərəflərin ekspertləri arasında əlavə danışıqlarda dəqiqləşdiriləcək.

Tərəflər həmçinin yük avtomobilləri sərhədə çatmamışdan əvvəl gömrük məlumatlarının elektron mübadiləsinin (Pre-Arrival) genişləndirilməsi, kağız sənədlərin rəqəmsal sənədlərlə əvəzlənməsi və EDI sisteminin tətbiqini müzakirə ediblər. Məqsəd sərhəddə inzibati prosedurları və gözləmə müddətini azaltmaqdır.

Danışıqlarda səlahiyyətli iqtisadi operatorların (AEO) qarşılıqlı tanınmasına dair mexanizm də müzakirə olunub. Bundan başqa, Norduz–Meğri sərhəd qapısından birgə istifadə haqqında mövcud razılaşmanın daha 10 il uzadılması barədə razılıq əldə edilib.

Eduard Hakobyanın sözlərinə görə, hazırda bu sərhəddən gündə orta hesabla təxminən 250 yük avtomobili keçir və infrastruktur imkanları genişləndirildiyi halda bu göstəricini artırmaq mümkündür. Forud Əsgəri isə Norduz–Meğri xəttini yalnız ikitərəfli ticarət məntəqəsi deyil, Qafqazla Mərkəzi Asiyanı əlaqələndirə biləcək mühüm nəqliyyat qovşağı kimi qiymətləndirib.

Görüşdən sonra iki ölkənin gömrük rəhbərləri İran–Ermənistan sərhəd terminalına da baş çəkiblər. “Armenia Today” bildirir ki, tərəflər burada sərhəd-keçid prosedurlarının praktiki vəziyyəti ilə tanış olublar.

İranla Ermənistan arasında yeganə quru sərhəd-keçid xətti İran tərəfində Norduz, Ermənistan tərəfində isə Aqarak–Meğri istiqamətində yerləşir. Yeni razılaşmaların əsas məqsədi bu marşrutda yükdaşımaların daha sürətli və rəqəmsal formada həyata keçirilməsidir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.