İran rəsmisi ABŞ-a 48 saat vaxt verdi

İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rezayi ABŞ hücumları davam edərsə, Tehranı tammiqyaslı regional müharibəyə keçməklə hədələyib.

20

İranın ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Möhsün Rezayi ABŞ-a hərbi əməliyyatları dayandıraraq diplomatiyaya qayıtmaq üçün məhdud vaxt qaldığını bildirib.

MSNews.az xəbər verir ki, SEPAH-ın keçmiş komandanı olan Rezayi iyulun 17-də rəsmi “X” hesabında ABŞ hücumları daha iki-üç gün davam edərsə, Tehranın yalnız qarşılıqlı cavab zərbələri ilə kifayətlənməyəcəyini açıqlayıb.

Rezayinin sözlərinə görə, belə olan halda İran “tammiqyaslı hücum və məhvetmə” mərhələsinə keçəcək, İran qüvvələrinin əməliyyatları qarşısında siyasi sərhədlər təhlükəsizlik təmin etməyəcək.

“Əl-Cəzirə” Rezayinin indiyədək İranın cavab tədbirlərini məhdud saxladığını, lakin ABŞ bombardmanları davam edərsə, bunun tammiqyaslı müharibəyə çevriləcəyi barədə xəbərdarlıq etdiyini yazıb.

Sosial şəbəkələrdə Rezayiyə aid edilən açıqlamanın daha sərt variantı da yayılıb. Həmin mətndə amerikalıların diplomatiyaya qayıtmaq üçün “cəmi 48 saatı” olduğu, bundan sonra bütün regionun və dünyanın müharibənin nəticələrindən əziyyət çəkəcəyi bildirilir.

Rezayinin sərt açıqlamasına baxmayaraq, İran Xarici İşlər Nazirliyi və ya ölkənin Ali Milli Təhlükəsizlik Şurası danışıqların rəsmi şəkildə dayandırıldığını elan etməyib.

“Associated Press” Pakistan, Qətər və Misirin Vaşinqtonla Tehranı yenidən danışıqlar masasına qaytarmaq üçün vasitəçilik fəaliyyətini davam etdirdiyini bildirir. Pakistan tərəfi heç bir ölkənin iyunun 17-də əldə olunmuş müvəqqəti razılaşmadan rəsmən çıxdığını bildirmədiyini açıqlayıb.

ABŞ vitse-prezidenti Cey Di Vens də hərbi güclə yanaşı diplomatiyanın böhranın həlli üçün əsas vasitələrdən biri olaraq qaldığını deyib. ABŞ Prezidenti Donald Tramp isə İranın danışıqlara qayıtmasının infrastruktura yeni zərbələrin qarşısını ala biləcəyini bildirsə də, konkret vaxt məhdudiyyəti müəyyənləşdirməyib.

Rezayinin xəbərdarlığı ABŞ-nin İran ərazisinə ardıcıl yeddinci gecə zərbələr endirməsi fonunda səsləndirilib. İran isə Küveyt, Bəhreyn və İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi obyektləri raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

“Reuters” qarşılıqlı hücumların iyunda əldə edilmiş atəşkəsin dağılmasından sonra müharibənin yenidən genişlənməsi riskini artırdığını yazır.

ABŞ administrasiyası Rezayinin “iki-üç günlük” xəbərdarlığına ayrıca rəsmi cavab verməyib.