İran diplomatiyasının tarixi təcrübəsinə nəzər saldıqda onun əsas gücünün yalnız sərt mövqedə deyil, daha çox prosesi uzatmaq, rəqibi detallar içində yormaq və vaxt faktorunu siyasi alətə çevirmək bacarığında olduğu görünür. İran danışıqlar masasında adətən birbaşa imtinadan yayınır, lakin razılaşmanı həyata keçirməyi çətinləşdirən şərtlər irəli sürür. Bu yanaşma rəqib tərəfdə “irəliləyiş var” təsəvvürü yaradır, amma prosesin yekun nəticəyə çatmasını davamlı şəkildə gecikdirir.
Tarixən bu model Roma, Osmanlı, Rusiya və Britaniya ilə münasibətlərdə müxtəlif formalarda özünü göstərib. Xüsusilə Osmanlı-Səfəvi və sonrakı Osmanlı-Qacar sərhəd danışıqlarında İran tərəfi mübahisəli məsələləri bağlanmış hesab etmək əvəzinə, onları yenidən hüquqi, dini və tarixi əsaslandırmalarla müzakirəyə qaytarırdı. Beləliklə, danışıqlar yalnız siyasi razılaşma deyil, həm də yorucu diplomatik dözümlülük yarışına çevrilirdi.
İranın mühüm diplomatik alətlərindən biri də çoxsaylı qərar qəbuletmə mərkəzləri yaratmaqdır. Şah, vəzirlik, dini dairələr və hərbi-siyasi qüvvələr arasında mövqe fərqlərinin mövcudluğu xarici tərəfin vahid qərar ünvanı tapmasını çətinləşdirirdi. Bu mexanizm danışıqlarda çevik manevr imkanı yaradırdı: bir tərəf razılığa meyilli görünür, digər tərəf isə daha sərt mövqe sərgiləyirdi. Nəticədə qarşı tərəf əlavə güzəştlərə məcbur edilir, razılaşmanın isə daxili koordinasiya adı altında təxirə salınması üçün yeni imkan yaranırdı.
Rusiya və Britaniya ilə münasibətlərdə də İran bu üsuldan məharətlə istifadə edib. Hərbi və siyasi üstünlük çox vaxt rəqib dövlətlərin əlində olsa da, İran diplomatik yolla prosesi yubatmaq, beynəlxalq şəraitin dəyişməsini gözləmək və böyük güclər arasındakı ziddiyyətlərdən faydalanmaq bacarığı nümayiş etdirib. Xüsusilə Britaniya və Rusiya rəqabəti İran üçün balanslaşdırıcı imkan yaradırdı.
Bu tarixi davranış modeli müasir dövrdə də müəyyən formada davam edir. ABŞ ilə danışıqlarda İran nümayəndələri razılaşmaya açıq olduqlarını bildirir, lakin daxildə daha sərt qüvvələrin mövqelərini nəzərə almağın vacibliyini önə çəkirlər. Bu isə prosesi dövri xarakterə salır: əvvəlcə irəliləyiş görüntüsü yaranır, sonra isə danışıqlar yenidən başlanğıc nöqtəsinə yaxınlaşır. Beləliklə, İran üçün diplomatiya yalnız razılaşma əldə etmək vasitəsi deyil, həm də zaman qazanmaq, rəqibin siyasi enerjisini tükətmək və daha əlverişli beynəlxalq konfiqurasiya gözləmək mexanizmidir.
Nəticə etibarilə, İran diplomatiyasını anlamaq üçün onu klassik “bəli” və ya “xeyr” məntiqi ilə deyil, səbir, çoxmərkəzlilik, qeyri-müəyyənlik və strateji vaxt qazanma prinsipləri üzərindən təhlil etmək lazımdır. İran danışıqlarda çox vaxt masanı tərk etmir, amma masada qalmağın özünü siyasi üstünlüyə çevirir.
Pərviz ƏLİYEV