İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la müharibə və mümkün razılaşma barədə sərt açıqlamalar verib.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Araqçi İran dövlət televiziyasına çıxışında Tehranın ABŞ-la müharibədən daha güclü çıxdığını bildirib. O, “İran ABŞ-la müharibənin qalibidir” ifadəsini işlədib.
Araqçinin sözlərinə görə, hazırda müzakirə olunan anlaşma memorandumu hələ imzalanmayıb və sənədə dəyişikliklər edilə bilər. İran XİN rəhbəri bildirib ki, mümkün razılaşma çərçivəsində müharibənin müxtəlif cəbhələrdə, o cümlədən Livanda başa çatması nəzərdə tutulur.
“Reuters” yazır ki, müzakirə olunan memorandum Hörmüz boğazının yenidən açılması və ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması kimi bəndləri əhatə edir. Mənbələrin məlumatına görə, İranın nüvə proqramı ilə bağlı danışıqlar isə sonrakı mərhələdə aparılacaq.
Araqçi bildirib ki, İran Hörmüz boğazından keçidə Omanla birlikdə nəzarəti saxlamaq niyyətindədir. O, Tehran üçün yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı üstün variantın materialın İran ərazisində seyrəldilməsi olduğunu deyib. ABŞ rəsmiləri isə razılaşmanın son nəticədə İranın nüvə proqramının sökülməsinə və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsinə gətirməli olduğunu bildirirlər.
“The Guardian” qeyd edir ki, Tehran və Vaşinqton mümkün razılaşmanı fərqli formada təqdim edir. İran tərəfi sənədi öz diplomatik üstünlüyü kimi göstərir, ABŞ rəsmiləri isə memorandumun Tramp administrasiyasının əsas məqsədlərinə cavab verdiyini bildirirlər.
“Axios”un məlumatına görə, ABŞ, İran, Pakistan və Qətər vasitəçilərinin iştirakı ilə razılaşmanın virtual görüşdə elektron formatda imzalanması gözlənilir. Sənədin 60 günlük atəşkəsi uzatması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı üzrə danışıqların başlanmasına yol açması planlaşdırılır.
Bununla belə, razılaşmanın yekun məzmunu və imzalanma vaxtı hələ tam dəqiqləşməyib. İran rəsmiləri ehtiyatlı mövqe saxlayır, ABŞ prezidenti Donald Tramp isə sazişin imzalanmasından dərhal sonra Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açılacağını bildirib.