İngiltərə millisinin bazası yaxınlığında atışma: 9 yaralı

ABŞ-ın Kanzas-Siti şəhərində İngiltərə millisinin DÇ-2026 zamanı istifadə edəcəyi məşq bazasının yaxınlığında atışma baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, komanda isə həmin vaxt Floridada olub.

14

ABŞ-ın Kanzas-Siti şəhərində İngiltərə millisinin DÇ-2026 zamanı istifadə edəcəyi məşq bazasının yaxınlığında atışma baş verib.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, hadisə şənbə günü Kanzas-Sitidə baş verib və nəticədə 9 nəfər yaralanıb. Yaralıların xəsarətlərinin həyati təhlükə yaratmadığı bildirilir.

Kanzas-Siti polisi hadisə ilə bağlı hələlik saxlanılan şəxsin olmadığını açıqlayıb. İlkin məlumata görə, yaralılardan azı üç nəfər yerli xəstəxanalara aparılıb. “Anadolu Agentliyi” “The Athletic”ə istinadən yazır ki, polis yerli vaxtla təxminən saat 04:00-da atışma barədə məlumat alıb və hadisə yerinə çatanda böyük bir qrup insanın ərazidən dağıldığını görüb.

Atışma İngiltərə millisinin dünya çempionatı zamanı məşq edəcəyi “Swope Soccer Village” bazasına yaxın ərazidə qeydə alınıb. “Reuters”in məlumatına görə, hadisə komandanın məşq edəcəyi yerdən təxminən 4 mil, yəni 6,4 kilometr məsafədə baş verib.

İngiltərə millisi hadisə zamanı Kanzas-Sitidə olmayıb. Tomas Tuxelin komandası hazırda Floridada DÇ-2026-ya hazırlığını davam etdirir və qarşıdakı günlərdə Orlando şəhərində Kosta-Rika ilə yoldaşlıq oyunu keçirməlidir.

İngiltərə Futbol Assosiasiyası hadisə ilə bağlı şərh verməkdən imtina edib. Hələlik atışmanın motivi və şübhəli şəxslərin kimliyi barədə rəsmi məlumat açıqlanmayıb.

Hadisə dünya çempionatının başlamasına az vaxt qalmış ABŞ-da turnir təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Kanzas-Siti DÇ-2026 zamanı bir sıra milli komandaların yerləşəcəyi və hazırlaşacağı şəhərlərdən biridir.