Böyük beynəlxalq tədqiqat infarkt, insult və ürək çatışmazlığı hallarının çoxunun əvvəlcədən müəyyən edilə bilən risk faktorları ilə əlaqəli olduğunu göstərib.
MSNews.az xəbər verir ki, “Northwestern Medicine” və Cənubi Koreyanın Yonsei Universitinin mütəxəssislərinin araşdırması 9,3 milyondan çox Cənubi Koreya sakini və təxminən 7 min ABŞ vətəndaşının sağlamlıq məlumatlarına əsaslanıb. Nəticələr “Journal of the American College of Cardiology” jurnalında dərc olunub.
Araşdırmaya görə, infarkt, insult və ya ürək çatışmazlığı yaşayan insanların 99%-dən çoxunda hadisədən əvvəl ən azı bir əsas risk faktoru qeydə alınıb. Bu amillər yüksək qan təzyiqi, yüksək xolesterol, yüksək qan şəkəri və ya diabet, həmçinin keçmişdə və ya hazırda siqaret istifadəsi kimi göstərilir.
Tədqiqatçılar bildiriblər ki, iştirakçılar 20 ilə qədər izlənilib və onların qan təzyiqi, xolesterol, qlükoza göstəriciləri və siqaret istifadəsi ilə bağlı məlumatları ürək-damar hadisəsindən əvvəlki dövrlər üzrə təhlil edilib.
Nəticələrə əsasən, yüksək qan təzyiqi ən geniş yayılmış risk faktoru olub. Bu göstərici Cənubi Koreyada ürək-damar hadisəsi yaşayanların 95%-dən çoxunda, ABŞ qrupunda isə 93%-dən çoxunda müşahidə edilib.
Araşdırmada diqqət çəkən məqamlardan biri də odur ki, riskin aşağı hesab edildiyi 60 yaşdan aşağı qadınlarda belə insult və ya ürək çatışmazlığından əvvəl 95%-dən çox halda ən azı bir qeyri-optimal risk faktoru olub.
Tədqiqatın baş müəlliflərindən professor Filip Qrinland bildirib ki, nəticələr ürək-damar xəstəliklərinin “xəbərdarlıq olmadan qəfil baş verməsi” barədə təsəvvürləri zəiflədir. Onun sözlərinə görə, əsas məqsəd müalicəsi və nəzarəti mümkün olan risk faktorlarını erkən aşkar etmək və idarə etmək olmalıdır.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr fərdi diaqnoz kimi qəbul edilməməlidir. Lakin müntəzəm tibbi yoxlamalar, qan təzyiqi, xolesterol və qan şəkərinin izlənməsi, həmçinin siqaretdən imtina ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas addımlar hesab olunur.