Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində rəsmi qarşılanma mərasimi keçirilib. Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Vyetnam Prezidenti To Lam və xanımı No Fon Li qarşılayıblar.
MSNews.az xəbər verir ki, mərasim Vyetnam və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda təşkil olunub. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan və Vyetnamın Dövlət himnləri səsləndirildikdən sonra fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident To Lam fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Daha sonra Vyetnamın rəsmi şəxsləri Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Vyetnam Prezidenti To Lama təqdim ediliblər.
Mərasim zamanı fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Ardınca prezidentlərin rəsmi fotoşəkli çəkilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri noyabrın 19-da başlayıb. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirilib.








