Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti birgə bəyanatla “Gemini” süni intellekt modelinin rəsmi olaraq Azərbaycan dilində istifadəyə verildiyini açıqlayıb.
Bildirilib ki, strateji genişlənmə çərçivəsində “Gemini” platformasına əlavə olunan 23 yeni dildən biri məhz Azərbaycan dili olub. Bu yenilik azərbaycanlı istifadəçilərə süni intellektin imkanlarından əsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmaq imkanı yaradır.
Hazırda Azərbaycan dili interfeysi “Gemini”nin veb-versiyasında aktivdir, Android və iOS əməliyyat sistemləri üzrə tam mobil dəstək mövcuddur. Eyni zamanda real vaxt rejimində danışıq imkanı verən “Gemini Live” funksiyası da Azərbaycan dilində istifadəyə açılıb.
“Google” şirkəti həmçinin ən qabaqcıl yaradıcı alətlərindən olan “Nano Banana” və “Veo” modellərini də Azərbaycan bazarına təqdim etdiyini bildirib. “Nano Banana” sadə mətn təsvirləri əsasında yüksəkkeyfiyyətli vizuallar yaratmağa və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” modeli isə mürəkkəb yaradıcı təlimatlara uyğun olaraq sinxronlaşdırılmış səslə birlikdə 1080p keyfiyyətində videolar hazırlaya bilir.
Məhsuldarlıq və təhsil sahəsini dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edərək, istifadəçilərin “Gemini” ilə kompleks layihələr üzərində əməkdaşlıq etməsinə şərait yaradır. “Deep Research” funksiyası mürəkkəb mövzular üzrə müxtəlif mənbələrdən məlumat toplayaraq geniş hesabatlar hazırlayır. “Guided Learning” isə interaktiv və fərdiləşdirilmiş testlər vasitəsilə istifadəçilərin yeni bilikləri daha effektiv mənimsəməsinə kömək edir.
Qeyd olunub ki, bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatan olmasını təmin etməklə yanaşı, Azərbaycan dilinin rəqəmsal mühitdə istifadəsini də əhəmiyyətli dərəcədə genişləndirəcək.