Şimali Koreya lideri Kim Çen In müasir döyüş şəraiti üçün hazırlanmış yeni silah sistemlərinin sınağını izləyib. KCNA dövlət agentliyinə istinadən yayılan məlumatlara görə, sınaqlarda taktiki ballistik raketlər, uzaqmənzilli reaktiv artilleriya mərmiləri və süni intellektlə idarə olunan yüksək dəqiqlikli qanadlı raketlərdən istifadə edilib.
“Reuters” yazır ki, sınaqlar raketlərin döyüş başlıqlarının gücünü, artilleriya sistemlərinin etibarlılığını və süni intellekt əsaslı idarəetmə ilə hədəfi dəqiq vurma imkanlarını yoxlamaq məqsədi daşıyıb.

Kim Çen In bildirib ki, sınaqlar yeni silahların və avtomatlaşdırılmış buraxılış sistemlərinin “müasir müharibənin tələblərinə uyğun” şəkildə təkmilləşdirildiyini göstərib. Şimali Koreya mediasına görə, xüsusilə sərhəd bölgələrində yerləşdirilməsi planlaşdırılan qanadlı raketlərin 100 kilometrədək məsafədə hədəfləri vurmağa qadir olduğu iddia edilir.
Şimali Koreyanın təqdim etdiyi sistemlərdə relyef üzrə naviqasiya, ultra-dəqiq avtonom idarəetmə və uçuşun son mərhələsində süni intellekt əsaslı hədəfləmə texnologiyalarının tətbiq olunduğu bildirilir. Bununla belə, müstəqil ekspertlər Pxenyanın bu texnologiyaların real səviyyəsi barədə iddialarını ehtiyatla qiymətləndirirlər.
Cənubi Koreya tərəfi bundan əvvəl Şimali Koreyanın qərb suları istiqamətində bir neçə mərmi və raket buraxdığını açıqlamışdı. Buraxılışlar Şimali Koreyanın sərhəd yaxınlığında taktiki və konvensional arsenalını genişləndirmək səylərinin davamı kimi qiymətləndirilir.