FTB AFA-nın ABŞ-dakı maliyyə əməliyyatlarını araşdırır

ABŞ-da federal prokurorlar və FTB agentləri Argentina Futbol Assosiasiyasının ABŞ bank sistemi üzərindən həyata keçirdiyi maliyyə əməliyyatları ilə bağlı ifadələr toplamağa başlayıb. Araşdırmanın mərkəzində AFA-nın beynəlxalq gəlirlərini idarə edən "TourProdEnter" LLC şirkəti dayanır.

13

ABŞ-da federal prokurorlar və FTB agentləri Argentina Futbol Assosiasiyasının ABŞ-dakı maliyyə əməliyyatları ilə bağlı ifadələr toplamağa başlayıb.

MSNews.az xəbər verir ki, Argentinanın “La Nación” nəşri iki birbaşa məlumatlı mənbəyə istinadən ABŞ Ədliyyə Nazirliyinin AFA-nın ABŞ maliyyə sistemi üzərindən yüz milyonlarla dolları necə yönləndirdiyini araşdırdığını yazıb. Məqsəd bu əməliyyatların ABŞ yurisdiksiyası çərçivəsində çirkli pulların yuyulması və ya bank dələduzluğu kimi cinayət tərkibi yaradıb-yaratmadığını müəyyənləşdirməkdir.

“La Nación”un məlumatına görə, araşdırmanın mərkəzində AFA prezidenti Klaudio “Çiki” Tapianın rəhbərlik etdiyi qurumun beynəlxalq müqavilələr üzrə gəlirlərini idarə edən “TourProdEnter” LLC şirkəti dayanır. Şirkət argentinalı biznesmen Xavier Faroni və həyat yoldaşı Erika Cilet ilə əlaqələndirilir. ABŞ prokurorlarının Vaşinqton və Mayamidə fəaliyyət göstərən nümayəndələrinin artıq bəzi şəxslərdən ifadə aldığı bildirilir.

Nəşrin əldə etdiyi bank sənədlərinə əsasən, “TourProdEnter” LLC “Citibank”, “Synovus”, “Bank of America”, “JP Morgan” və “PNC Bank”dakı hesablar vasitəsilə AFA-ya aid ən azı 260 milyon dollar gəliri idarə edib. Sənədlərdə bu məbləğin yalnız bir hissəsinin AFA-nın müəyyən edilə bilən əməliyyat xərcləri ilə birbaşa əlaqələndirildiyi, təxminən 57 milyon dolların isə iqtisadi əsaslandırması sənədlərdə aydın görünməyən şirkət və benefisiarlara köçürüldüyü iddia olunur.

Infobae” də yazır ki, “TourProdEnter” LLC AFA-nın xaricdəki sponsorluq, kommersiya razılaşmaları və beynəlxalq oyunlardan gələn gəlirlərinin toplanması üçün agent kimi çıxış edib. Mənbənin məlumatına görə, pullar ABŞ-dakı bir neçə bank hesabı arasında hərəkət etdirilib və bəzi hallarda vəsaitlər hesablarda cəmi 24-72 saat qalıb.

“La Nación”un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı rəsmi sorğuya hələlik cavab verməyib. AFA nümayəndələri isə ABŞ-da keçirilən tədbirdə təqsirsizlik prezumpsiyasına hörmət edilməli olduğunu vurğulayıb və istintaq tədbirlərinin özlüyündə məsuliyyət və ya günahı sübut etmədiyini bildiriblər.

Bu iş AFA ətrafında son aylarda gündəmə gələn ilk maliyyə qalmaqalı deyil. “Associated Press”in məlumatına görə, 2025-ci ilin dekabrında Argentina federal polisi AFA-nın qərargahında və azı 17 futbol klubunda çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə bağlı reydlər keçirib. Həmin istintaq Sur Finanzas adlı maliyyə şirkəti ilə əlaqəli olub və hazırkı ABŞ araşdırmasından ayrı xətt kimi qiymətləndirilir.

Buenos Aires Times” isə mart ayında AFA prezidenti Klaudio Tapia və bir neçə yüksək vəzifəli şəxsin vergidən yayınma işi üzrə rəsmi ittiham olunduğunu yazıb. AFA bu ittihamları rədd edib və işin siyasi təzyiq fonunda gündəmə gətirildiyini bildirib.

Hazırda ABŞ-dakı proses ilkin araşdırma və ifadələrin toplanması mərhələsindədir. Buna görə də AFA, Tapia, Faroni və ya digər şəxslər barədə cinayət məsuliyyəti qəti fakt kimi təqdim olunmur.